Afrika ölkələrinin Rusiya ilə yaxınlaşmasının səbəbi nədir?

Bölmə: Siyasət › ,
Tarix: 18:58 22.02.2025

Bəzi Afrika ölkələri Rusiyaya isti münasibət göstərirlər, çünki Qərbdən beziblər Afrika illərlə Qərbdən borclar, yardımlar alıb, amma gözləntiləri çox olub.Mövzu ilə bağlı politoloq Elmir Səftərov "informator.az"a açıqlamasında bildirib ki, Sovet İttifaqının dağılmasından sonra Rusiyanın Afrikadakı ambisiyaları azalsa da, Ukraynadakı müharibə Moskvanın Afrikaya nüfuz etməsini daha da sürətləndirdi:

 

 

“Beynəlxalq arenalarda Moskvaya qarşı təcrid siyasəti Rusiya rəsmilərinin Afrika ölkələrinə səfərlərini artırmağa məcbur etdi. Bundan əlavə, COVID-19 pandemiyasının yaratdığı qlobal-humanitar problemlər Afrikanın zəif inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarına böyük ziyan vurub. Afrika ölkələrinin yanacaq, buğda, gübrə və digər zəruri məhsulları Rusiyadan münasib qiymətə alması bu münasibətləri daha yaxınlaşdırdı. Bu baxımdan da bir çox Afrika ölkələri Rusiyaya qarşı Qərb sanksiyalarına qoşulmaq istəmədilər.

 

Moskvanın Afrika ölkələri ilə əlaqələrini yaxşılaşdırmaqda
digər məqsədi isə Şimali Afrika və Aralıq dənizi neft ehtiyatlarına çıxışı gücləndirməkdir. Rusiya, həmçinin Qərbin imperialist dairələrini gözdən salmaq və özünü daha yaxşı tərəfdaş kimi göstərmək üçün Afrika dövlətləri ilə bərabərhüquqlu və etibarlı tərəfdaşlığa üstünlük verməyə başladı. Həmin ölkələr isə əvəzinə Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnamələrindən imtina etməklə öz borclarını yerinə yetirdilər.


Buna baxmayaraq, Rusiya nüfuzunu son illərdə Afrikada güclənməyə çalışsa da, Moskvanın Afrikadakı iqtisadi və hərbi gücü Çin və Qərblə müqayisədə hələ də zəifdir".

 

Ayşən Səlimova