İnternetdə şəxsi məlumatların qorunması və hüquqi təhlükələr

Bölmə: Sosial › ,
Tarix: 14:21 24.02.2025

Müasir dövrdə şəxsi məlumatların yayılması ciddi problemlər yarada bilər. İnsanlar bəzən özlərinə aid məlumatları və ya fotoları sosial şəbəkələrdə paylaşır, lakin onların üçüncü şəxslər tərəfindən yayılması və ya başqa məqsədlərlə istifadə olunması müxtəlif hüquqi nəticələr doğura bilər.

 

Bu barədə hüquqşünas Fariz Namazlı "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, bu hallarda zərərçəkmiş şəxs aidiyyati qurumlara müraciət edə bilər:

 

"Şəxsi məlumatların yayılması ilə bağlı zərərçəkmiş şəxs mülki və ya cinayət qaydasında tədbir görülməsi üçün aidiyyatı qurumlara müracət edə bilər. Zərərçəkmiş şəxs mülki qaydada məhkəməyə müraciət edərək şəxsi məlumatlarının qanunsuz yayılması nəticəsində məruz qaldığı maddi və ya mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər, həmçinin cinayət işinin başlanması üçün prokurorluğa müraciət edə bilər".

 

Hüquqşünas bu istiqamətdə Avropa nümunəsindən də danışıb:

 

"Avropa Məhkəməsi öz qərarlarında kiber zorakılığı da məişət zorakılığının növü hesab edir və dövlətlərdən tələb edir ki, bu kimi hallarda verilən şikayətlər üzrə çevik və hərtərəfli araşdırma aparmalıdır. Məsələn Avropa Məhkəməsi M. Ş. D. Rumıniyaya qarşı işdə qeyd edib ki, həm ictimai maraqlar, həm də həssas qurbanların fiziki və ya psixoloji toxunulmazlığını pozan cinayətlərdən müdafiəsi maraqları cinayətkarın müəyyən edilməsinə və məsuliyyətə cəlb edilməsinə imkan verən hüquqi müdafiə vasitələrinin olmasını tələb edir.

Buna görə də qanunvericilikdə kiber zorakılığa qarşı məsuliyyət tədbirləri tətbiq edilməlidir ki, insanlar öz hüquqlarının müdafiəsi üçün təkcə mülki qaydada iddia qaldırmaqla kifayətlənməsin, həmçinin həmin məlumatları götürüb yayan şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə imkan yaradılsın".

 

Müsahibin sözlərinə görə, insanlar sosial şəbəkələrdə şəxsi məlumatlardan istifadə edərkən daha diqqətli olmalıdırlar:

 

"İnsanlar öz məlumatlarını, şəxsi və ya ailə həyatı sirri təşkil edən məlumatları sosial şəbəkələrdə paylaşmalı deyil, hər hansı internet saytlarında məlumatları daxil edərkən məxfilik qaydalarına əməl etməlidir, həmin internet saytalarının və tətbiqlərin məxfilik siyasətlərini diqqətlə oxumalı və lazımsız məlumatların toplanmasına razılıq verməməlidir, eyni zamanda şəxsi hesablar yaradarkən güclü şifrə tətbiq etməli və iki faktorlu autentifikasiyadan istifadə etməlidirlər".

 

Nuray Qurbanlı