Xərçəng xəstəliyinin riskini artıran əsas amillər-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 15:08 24.02.2025

Xərçəng xəstəliyindən ölüm hallarının artması xəstəliyin müxtəlif formalarından və onun aqressivliyindən asılıdır.


Bu fikirləri “İnformator.az”a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla bildirib. Onun sözlərinə görə, COVID-19 pandemiyasından sonra xərçəngin daha aqressiv formalarının yayılması ölüm hallarının sayını artırıb:
“Xərçəngin inkişafı yalnız genetik faktorlardan deyil, həm də həyat tərzindən asılıdır. Həyat tərzi xərçəngin inkişafında mühüm rol oynayır. İnsanların xarici mühitdə mövcud ekoloji qaydalara və həyat şəraitinə diqqət yetirməmələri, xərçəng xəstəliyinin riskini artıra bilər”.


Professor bildirir ki, bir sıra zərərli qidaların qəbulu xərçəng xəstəliyinin təzahürünə səbəb olur:
“Məsələn, alkoqol istifadəsi, siqaret çəkmək, karbohidratlardan hədsiz istifadə, fiziki hərəkətsizlik və sərbəst radikalların orqanizmə daxil olması xərçəngin yaranmasına gətirib çıxara bilər. İnsanlar həyat tərzlərinə diqqət yetirməli və sağlam qidalanmaya önəm verməlidirlər. Əgər insanlar öz həyat tərzlərini və nəfsini idarə edə bilmirlərsə, bu, xərçəng riskini artırır”.


A.Qeybulla xərçəng xəstəliyinin digər fəsadlarından da söz açıb:
“Son zamanlar oturaq həyat tərzi və keyfiyyətsiz qidaların çoxluğu, xüsusilə axşam saatlarında qəbul edilən qidalar mübadilə pozuntularına, artıq çəkiyə və fiziki aktivliyin azalmasına səbəb olur. Bu isə xərçəngin inkişafına şərait yaradır”.


Həkimin sözlərinə görə, müəyyən qaydalara əməl edilməsi xərçəng xəstəliyi riskinin azalmasına kömək edə bilər:
“Biz mümkün qədər yağda qızardılan, hisə verilən və konservləşdirilmiş qidalardan uzaq durmalıyıq. Sağlam qidalanma, əsasən meyvə və tərəvəzin qəbulunu artırmaqla həyata keçirilməlidir. Yağda qızardılan qidalar və karbohidratlardan uzaq durmaq sağlam həyat tərzinin vacib hissəsidir”.


A.Qeybulla sonda əlavə edir ki, dövlət tərəfindən sağlam qidalanma istiqamətində bir sıra addımlar atılmalıdır:
“Bu cür sağlamlaşdırma proqramları dövlət tərəfindən himayə olunmalı və geniş şəkildə cəmiyyətə təbliğ edilməlidir. Yalnız bu cür tədbirlərlə biz xərçəng xəstəliyinə qarşı mübarizə apara bilərik”, - deyə professor yekunlaşdırıb.


Yusif Əsədov