Bu il buraxılış imtahanları çətin olacaq ? -Abituriyentlərə XƏBƏRDARLIQ

Bölmə: Sosial › ,
Tarix: 14:35 24.02.2025

2025-ci il buraxılış imtahanlarının çətinlik səviyyəsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi təhsil ekspertləri və Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələri imtahan suallarının çətinlik dərəcəsinin əvvəlki illərlə müqayisədə artacağını proqnazlaşdırırlar.

 

Məsələylə bağlı təhsil eksperti Kamran Əsədov "informator.az"a açıqlamasında bildirib ki, son illərdə davam edən tendensiya 2025-ci ildə də davam edəcək:

 

"İlk növbədə qeyd edim ki, son illərdə buraxılış imtahanlarının tədricən mürəkkəbləşdiyi və şagirdlərin tənqidi düşünmə, tətbiqi biliklər və analitik bacarıqlarını yoxlayan sualların sayının artdığı müşahidə olunur. Bu tendensiya 2025-ci ildə də davam edə edəcək".

 

 

DİM-in açıqlamalarına və təhsil islahatlarının istiqamətinə nəzər saldıqda, imtahan suallarının çətinlik səviyyəsinin artırılması üçün əsaslandırılmış səbəblərin olduğu görünür. Son illərdə beynəlxalq qiymətləndirmələrdə, xüsusilə PISA və TIMSS kimi testlərdə Azərbaycanın nəticələri arzuolunan səviyyədə deyil. Bunun bir səbəbi də tədris prosesində tətbiqi və analitik biliklərin yetərincə inkişaf etdirilməməsidir. Məhz buna görə də buraxılış imtahanlarının sualları tədricən beynəlxalq standartlara yaxınlaşdırılır və mücərrəd biliklərə deyil, real həyatda tətbiq edilə bilən biliklərə əsaslanan suallar üstünlük təşkil edir.Bu il buraxılış imtahanlarının formatında hər hansı dəyişiklik gözlənilib-gözlənilmədiyinə gəldikdə, hələlik rəsmi olaraq yeni format təqdim olunmayıb. Lakin 2024-cü il imtahanları ilə müqayisədə məntiqi düşünmə, oxuyub-anlama və situasiyaya əsaslanan sualların sayının arta biləcəyi ehtimal edilir. DİM son illərdə açıq suallara və yazılı cavab tələb edən tapşırıqlara üstünlük verir ki, bu da şagirdlərin yalnız əzbərlənmiş biliklərə deyil, anlama və analiz etmə bacarıqlarına əsaslanmasını tələb edir.

 

Keçən ilki buraxılış imtahanları ilə müqayisədə müəyyən dəyişikliklər gözlənilir. 2024-cü ildə riyaziyyat və ana dili fənləri üzrə bəzi sualların çətinlik dərəcəsinin artdığı müşahidə edilmişdi. Şagirdlərin nəticələrinə baxdıqda, bəzi mövzularda bilik çatışmazlığı və tətbiqi bacarıqların zəif olması aşkar edilib. Buna görə də DİM-in bu il də fənlər üzrə fundamental anlayışları və onların praktik tətbiqini yoxlayan sualları artıracağı gözlənilir. Xüsusilə riyaziyyat və məntiq əsaslı sualların artması mümkündür.

 

"Şagirdlərə imtahanlara hazırlıq üçün əsas tövsiyələrdən biri əzbərçiliyə deyil, anlayışa və tətbiqə əsaslanan oxu metodlarından istifadə etməkdir. Son illərdə açıq tipli və situasiyaya əsaslanan sualların artması fonunda, şagirdlər yalnız məlumat əzbərləməklə deyil, həmin bilikləri müxtəlif şəraitdə tətbiq etməyi bacarmaqla yüksək nəticə göstərə bilərlər".

 

Bundan əlavə, təcrübə testləri və keçmiş illərin imtahan suallarını işləmək, zaman idarəetməsini öyrənmək və müxtəlif fənlər üzrə düşünmə strategiyalarını inkişaf etdirmək tövsiyə olunur. Şagirdlər, xüsusilə mətnləri oxuyub-anlama və məntiqi nəticələr çıxarma bacarıqlarını gücləndirməlidirlər. Riyaziyyat və digər dəqiq elmlərdə isə problemlərin həlli üsullarını dərindən anlamaq və fərqli yanaşmalar tətbiq etməyi öyrənmək vacibdir.Ümumilikdə, 2025-ci ildə buraxılış imtahanlarının çətinlik səviyyəsinin artacağı ehtimalı yüksəkdir. Lakin bu dəyişikliklər şagirdlərin təhsil keyfiyyətini artırmaq məqsədi daşıdığından, imtahana hazırlıq zamanı sadəcə əzbərlənmiş biliklərə deyil, anlama və tətbiqetmə bacarıqlarına üstünlük vermək vacib olacaqdır.

 

Məryəm Zaliyeva