Azərbaycanda start-up ekosistemi-iqtisadçı AÇIQLAYIR

Tarix: 22:31 24.02.2025
"Azərbaycanda start-up ekosisteminin inkişafı bir sıra fundamental problemlərlə üzləşir. İlk olaraq, böyük məbləğdə investisiyaların cəlb olunması çətinliklər yaradır".
Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı ekspert Toğrul Vəliyev söyləyib. Ekspert Azərbaycanda unicorn statusuna yaxın start-upın olub olmamasından da bəhs edib:
"Azərbaycanda 1 milyon dollardan yuxarı sərmayə cəlb etmiş yerli start-up nümunələri kifayət qədər məhduddur. Xaricdə fəaliyyət göstərən və Azərbaycanda yaranmış bəzi start-upların bu cür investisiyalar əldə etdiyi ehtimal edilsə də, onların ölkədaxili inkişafına təsiri minimaldır. İnkişaf potensialına gəldikdə isə, nəzəri olaraq hər ölkədə potensial mövcuddur. Lakin bu potensialın reallaşması üçün adekvat infrastruktur və dəstək mexanizmləri tələb olunur. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, istehlak xərclərinin səviyyəsi və mövcud iqtisadi struktur bu sahədə ciddi məhdudiyyətlər yaradır. Xüsusilə, innovativ layihələrin formalaşması və böyüməsi üçün vacib olan vençur fondları, güzəştli kreditlər, vergi imtiyazları kimi maliyyə və institusional dəstək mexanizmləri mövcud olsa da, onların effektivliyi yetərli deyil. Digər vacib məqam isə elmi və texnoloji infrastrukturun yetərsizliyidir. Start-up ekosisteminin inkişafı üçün universitetlərdə və müstəqil tədqiqat mərkəzlərində yüksək səviyyəli elmi tədqiqatların aparılması vacibdir. Bununla yanaşı, açıq elmi və texnoloji müzakirə mühitinin formalaşması, innovasiya və start-up mədəniyyətinin təşviq edilməsi əsas şərtlərdən biridir. Lakin Azərbaycanda bu sahədə fəaliyyətlər əsasən formal xarakter daşıyır və real nəticələr doğurmur".
Toğrul Vəliyevin sözlərinə görə, texnologiya sektorunda isə bazar strukturunun monopolist xarakter daşıması və rəqabət mühitinin məhdudluğu problemlər yaradır:
"IT sahəsində fəaliyyət göstərən şirkətlərin əksəriyyəti əsasən idxalçı və xidmət təminatçısı funksiyasını yerinə yetirir, yeni məhsul və xidmətlərin yaradılmasına kifayət qədər investisiya yatırılmır. Üstəlik, maliyyə və texnoloji sektorda dominant olan qurumlar yeni oyunçuların bazara daxil olmasını çətinləşdirir.
Digər önəmli amil isə daxili bazarın kiçikliyi və istehlak gücünün aşağı olmasıdır. Azərbaycan əhalisinin xərcləri əsasən gündəlik tələbat mallarına yönəlmişdir və əlavə texnoloji və ya xidmət sektoruna ayrılan vəsaitlər məhduddur. Əhalinin yalnız kiçik bir hissəsi yüksək gəlir əldə etsə də, bu, daxili bazarın formalaşması üçün yetərli deyil. Müqayisə üçün, Belarus və digər postsovet ölkələrində elmi və texnoloji infrastruktur inkişaf etdiyindən, onların IT sektoru ixracyönlü fəaliyyət göstərə bilir. Azərbaycanda isə bu cür ixrac potensialı formalaşmayıb. Nəticə etibarilə, Azərbaycanda start-up ekosisteminin inkişafı üçün dərin struktur islahatlarına, elmi və texnoloji bazanın gücləndirilməsinə, investisiya cəlb etmə mexanizmlərinin effektivləşdirilməsinə ehtiyac var. Hazırkı şəraitdə isə bu sektorun qlobal bazarda rəqabətqabiliyyətli oyunçuya çevrilməsi üçün fundamental dəyişikliklər tələb olunur".
Fatimə Abdulrəhimli