Çempionlar qarşı-qarşıya-1/8 FİNALIN İNCƏLİKLƏRİ

Bölmə: İdman › ,
Tarix: 18:10 25.02.2025

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşk atmasından sonra çox maraqlı cütlüklər meydana çıxıb.


Bu fikirləri “İnformator.az”a açıqlamasında idman jurnalisti Fuad Eldarov bildirib. Onun sözlərinə görə, bu dəfəki mərhələnin oyunları son illərin ən maraqlı 1/8 final oyunlarını vəd edir:
“Ərkən final adlandıracağım oyun tək deyil. Lakin xüsusilə Atletiko Madrid - Real Madrid qarşılaşması böyük maraqla gözlənilir. Bu oyun finala bərabər olan oyunlardan biridir”.


Şərhçi bildirir ki, Çempionlar Liqasının bu komandalar arasında qarşılaşması da baş tutub:
“Ramosun qolu ilə oyun əlavə vaxta getmiş və Real yekunda qələbə qazanmışdı. Bu görüş həm azarkeşlər, həm də futbol ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilir. Ərkən final adlandıracağım ilk matç Atletiko - Real cütünün qarşılaşmasıdır”.


F.Eldarov qeyd edir ki, PSG - Liverpool və Bayer Leverkusen - Bayern Münhen cütləri də erkən final xarakteri daşıyır:
“Bu üç matç böyük maraqla izləniləcək. 1/8 finalda sürpriz komanda kimi Belçika təmsilçisi Brugge klubunu qeyd etmək olar. Heç kəs gözləməzdi ki, Brugge son Avropa Liqasının çempionu Atalantanı mübarizədən kənarlaşdıracaq və adını 1/8 finala yazdıracaq”.


Şərhçinin sözlərinə görə, Brugge öz gücünü və iddiasını ortaya qoyaraq hamını təəccübləndirdi:
“Brugge sürpriz komanda adlandırılmağı tam yerindədir. Bu komandanın növbəti mərhələyə keçib-keçməyəcəyini dəyərləndirərkən, qarşısındakı rəqibin Aston Villa olduğunu görürük”.


F.Eldarov Aston Villa ilə bağlı düşüncələrini də qeyd edib:
“Bu, həmin Aston Villadır ki, baş məşqçisi Unai Emery, avrokuboklarda xüsusilə Sevilla ilə böyük uğurlar qazanmış mütəxəssisdir. Bu adam bəlkə də yerli çempionatda yaxşı nəticələr əldə etməyə bilər, amma hər zaman avrokuboklarda adından söz etdirə bilib. Unai Emerinin Brugge-yə məğlub olacağına şəxsən inanmıram”.


Şərhçi sonda növbəti komanda ilə bağlı fikirlərini əlavə edib:
“Növbəti sürpriz komanda isə Fransanın Lille kollektividir. Yeni Lille-in bu güclə bu mərhələyə qədər gəlib çıxacağına inanmırdım. Fransa təmsilçilərindən Brest-ə daha çox inamım var idi, lakin Lille-in göstərdiyi oyun nəticələri inamsızlığımla tam ziddiyyət təşkil edir. Lille-in növbəti mərhələyə keçib-keçməyəcəyini isə Dortmund Borussiyasına qarşı göstərdiyi mübarizəyə əsasən müəyyən edəcəyik. Bu dediklərim ehtimallardır və şəxsi düşüncələrimə əsaslanır. Gələcəkdə necə olacağı isə zamanın göstərəcəyidir”, - deyə şərhçi yekunlaşdırıb.


Cavid Tağızadə