Trampın Ukrayna siyasətində dəyişiklik-Zelenski ilə münasibətlər necə gərginləşdi?

Tarix: 19:01 25.02.2025
Donald Trampın siyasi yanaşması daha çox iqtisadi əsaslar üzərində qurulub.
Bu fikirləri “İnformator.az”a açıqlamasında politoloq Həşim Səhrablı bildirib. Onun sözlərinə görə, Donald Trampın siyasətini anlamaq üçün onun şəxsi keyfiyyətlərini nəzərə almaq lazımdır:
“Tramp, mahiyyət etibarilə bir siyasətçi deyil, iqtisadçıdır. Onun ABŞ daxilində və xarici siyasətdəki yanaşması da iqtisadi prinsiplər üzərində qurulub. Tramp üçün milli təşəbbüskarlıq yoxdur. Kim Trampla işləyirsə, o, dostudur; kim işləmirsə, düşməndir. Bu yanaşma həm də onun Ukrayna siyasətində açıq şəkildə özünü göstərdi”.
H.Səhrablı Trampın Rusiya əleyhinə sanksiyalar tətbiq etməsindən də söz açıb:
“Amma Zelenski öz xalqının sərvətini Tramp administrasiyasına verməyəcəyini elan etdikdən sonra Trampın siyasətində dəyişiklik baş verdi və Ukrayna ilə münasibətlərində soyuqluq yaranmağa başladı. Trampın siyasətini izləyən hər kəs bunu açıq şəkildə görüb. Zelenskinin bu açıqlaması ilə Trampın münasibətləri daha da gərginləşdi”.
Poıitoloq Ərdoğan və Zelenski görüşünün vacibliyindən də bəhs edib:
“Bu görüşün nəticəsindən çox şey asılıdır. Əgər bu görüş ABŞ ilə əlaqələrin davam etdirilməsini nəzərdə tutursa, Tramp, Ankaranın vasitəçiliyi ilə Zelenski ilə yenidən danışıqlar aparmaq istəyəcək. Lakin, əgər Ərdoğan ABŞ-ın bu qərəzli yanaşmasına qarşı çıxarsa və Zelenskinin tam müdafiəsini seçərsə, o zaman Trampın Türkiyə və Ukraynanın mövqeləri ilə bağlı sərt fikirlər səsləndirməsi mümkündür. Trampın yanaşması daha çox iqtisadi prinsiplərə dayanır, buna görə də onun məntiqi belədir: “Kim mənimlə işləyirsə, dostdur; kim işləmirsə, düşməndir”.
Şərhçinin sözlərinə görə, Trampın Zelenskiyə qarşı söylədiyi fikirlər və atdığı addımlar ilə Türkiyəyə qarşı edə bilməyəcəyi hərəkətlər arasında böyük fərq var:
“Türkiyə Ukrayna deyil, Ərdoğan isə Zelenski deyil. Zelenski nə qədər vətənpərvər olsa da, bəzən dərin siyasi gedişləri anlamaqda çətinlik çəkə bilər. Amma Ərdoğan artıq 20 ildən çoxdur ki, vəzifədədir və onun siyasi təcrübəsi çox genişdir. Ərdoğan, həmçinin dünya siyasətini daha yaxşı anlayır”.
H.Səhrablının sözlərinə görə, Tramp başa düşür ki, Türkiyəsiz heç bir nizam qurmaq mümkün deyil:
“Amma Ukraynasız bu mümkün ola bilər. Trampın bu görüşdən sonra hər hansı bir narazılığı qalsa, mütləq şəkildə addım atacaqsa, bunu Türkiyəyə qarşı deyil, Ukraynaya qarşı atacaq. Çünki Türkiyə strateji baxımdan çox vacibdir. Zelenski isə, əgər Trampın istəklərini qəbul edərsə, bu səfərin nəticəsi Trampın Rusiyaya qarşı mövqeyinin daha da sərtləşməsi olacaq”.
H.Səhrablı sonda əlavə edir ki, əgər Zelenski Trampın təklif etdiyi şərtləri qəbul edərsə, o zaman bu səfər nəticəsində Trampın Rusiyaya qarşı sərt mövqe sərgiləməsi gözlənilə bilər:
“Amma, əgər Zelenski bu şərtləri qəbul etməzsə və ya Türkiyə ABŞ-ın yanaşmasına qarşı durarsa, Tramp öz siyasətini buna uyğun şəkildə dəyişə bilər”, - deyə şərhçi yekunlaşdırıb.
Şəhla Ağazadə