Rusiya- Ukranya müharibəsi son 3 ildə - çoxalmış insan itkiləri 

Bölmə: Siyasət › ,
Tarix: 20:35 25.02.2025

 

 

 

Rusiya-Ukrayna müharibəsindən üç il ötür və bu müddət ərzində münaqişə həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan ciddi nəticələr doğurub.Müharibə nəticəsində on minlərlə hərbçi və mülki şəxs həyatını itirib. BMT və digər beynəlxalq təşkilatların məlumatına görə, mülki əhali arasında itkilər getdikcə artır. Milyonlarla insan qaçqın düşərək Avropa ölkələrinə və Ukraynanın daha təhlükəsiz bölgələrinə sığınmaq məcburiyyətində qalıb.

 

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "informator.az"a açıqlamasında bildirib ki , iclaslar zamanı qəbul edilən əsas qərarları aşağıdakı kimi sıralamaq olar. Birincisi, tərəflər Rusiya-Amerika münasibətlərində “narahatedici elementlərin” aradan qaldırılmasına yönəlmiş məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər. 

 

"Ukraynada münaqişənin bütün tərəflər üçün məqbul olan davamlı həllinə nail olmaqla bağlı ilkin mərhələdə işə başlamaq üçün yüksək səviyyəli komandaların təyin edilməsi qərara alınıb. Qarşılıqlı geosiyasi maraqlara, eləcə də Ukrayna münaqişəsinin uğurla həlli nəticəsində yaranacaq iqtisadi və investisiya imkanlarına uyğun hərəkət etmək məqsədəuyğun hesab edilib. Nəhayət, Ukraynada sülh prosesinin vaxtında və səmərəli şəkildə irəliləyişini təmin etmək üçün hər iki ölkənin komissiyaları tərəfindən hazırlanmış sülh təkliflərinin Putin və Trampa təqdim edilməsi barədə razılıq əldə olunub. Bundan əlavə, ABŞ dövlət katibi Rubio tərəflərin Moskva və Vaşinqtondakı səfirlik işçilərinin sayını əvvəlki səviyyəyə qaytarmaq barədə razılığa gəldiyini açıqlayıb. Amerika rəsmiləri Moskva ilə əlaqələrin artırılmasını Rusiya və Çin arasında nifaq yaratmaq, nüvə rəqibi ilə münasibətləri düzəltmək və saysız-hesabsız insanın ölümünə səbəb olan münaqişəyə son qoymaq üçün cəsarətli cəhd kimi təsvir edirlər. 

Ər-Riyaddakı danışıqlarda Ukrayna ilə bağlı konkret təkliflər yoxdur. ABŞ və Rusiyanın sülh planı atəşkəs, Ukraynada seçkilər və daha sonra yekun razılaşmanı əhatə edən üç fazalı prosesi əks etdirir. Rusiyanın Ukraynada seçkilərin keçirilməsini istəməsinin əsas səbəblərindən biri Ukrayna prezidenti Vladimir Zelenskiyə onun legitimliyini şübhə altına alaraq ona təzyiq göstərməkdir.

Rusiyanın Ər-Riyad görüşündə gündəmə gətirdiyi məsələlərdən biri də sülh danışıqları ilə paralel olaraq iqtisadi sanksiyaların ləğvi və dondurulmuş Rusiya aktivlərinin sərbəst buraxılması olub. İlk iclasda belə bir tələbin səsləndirilməsi Rusiyanın bu müharibəyə görə iqtisadi çətinliklərlə üzləşdiyini göstərir.

Birləşmiş Ştatlar belə qənaətə gəlib ki, Trampın rəhbərliyi altında Ukraynada hərbi əməliyyatlar artıq davam edə bilməz. Rusiya üçün belə bir sülh NATO-nun məğlubiyyəti demək olardı. Rusiyanı razı salmağın əsas yolu onlara qələbə hissi verməkdir ki, bu da sülhü Rusiya üçün məqbul edəcək. Çünki Rusiya əldə etdiyi sülhü öz xalqına qələbə kimi əks etdirə biləcək. Əgər sülh əldə olunarsa, dünyanın əksər hissəsi Rusiyanı qalib kimi qəbul edəcək.

Rusiya üçün Kiyevin ərazisinin 20 faizinə nəzarəti ələ keçirməsini nəzərdə tutan razılaşma məqbul görünür. Rusiyanın yeni dünya nizamının səbəbi kimi göstərdiyi NATO-nun genişlənməsi yəqin ki, hələlik bitib. Demək olar ki, Rusiya belə uzunmüddətli münaqişəyə hazır deyildi və bunun üçün ağır iqtisadi bədəl ödəyib.

Zelenskiyə ABŞ-dan yalnız yerinə yetirilən bir şey təqdim edilib. Ukraynanın bundan sonra edə biləcəyi şey sülh masasında mümkün olan ən yaxşı nəticəyə nail olmaqdır. Bu səbəbdən Ukraynanın Türkiyə, Fransa, İngiltərə kimi dövlətləri sülh masasına oturtmaqla dəstəyini almağa çalışdığını söyləyə bilərik. Ukrayna özünü Rusiya “təhlükəsindən” qorumaq üçün təhlükəsizlik zəmanəti istəyir. Rusiya isə Ukraynanın neytrallığının təmin olunmasını istəyir. Bu məqamda razılaşma həm ABŞ, həm də Rusiya üçün kifayət qədər siyasi və iqtisadi gəlirlər verəcəkdi.

Avropa və Kiyevin dəvət olunmadığı Ər-Riyad görüşü beynəlxalq münasibətlərdə yeni eranın başlanğıcını göstərir. Avropa liderləri Paris görüşündə vahid Avropa strategiyasının zəruriliyindən başqa heç bir konkret addım elan etmədilər. Onların Ukrayna ilə bağlı hələlik planları yoxdur. Dünya dönməz şəkildə çoxqütblülük dövrünə qədəm qoyur. Çin və Rusiyanın gözlənilməz yüksəlişi ABŞ-ın liderlik mövqeyini şübhə altına alır. Bu mənada Tramp-Putin görüşü Çin, İran və bütün Yaxın Şərqə təsir edə bilər. Bir sözlə, mümkün sülh yalnız Ukrayna ilə məhdudlaşmayacaq".

 

Məryəm Zaliyeva