Makronun çətin dövrü- ABŞ və Fransa arasındakı gərginlik artacaqmı?

Tarix: 20:44 25.02.2025
Amerika və Fransa münasibətlərini yalnız Ukrayna məsələsi fonunda qiymətləndirmək doğru olmaz. Fransa əsrlərdir ki, Böyük Britaniya ilə həm Avropada, həm də qlobal miqyasda nüfuz uğrunda mübarizə aparıb.
Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib. Onun sözlərinə görə, son 30-50 ildə ABŞ təkqütblü dünya sistemi formalaşdıraraq bunu Britaniya ilə koordinasiyalı şəkildə idarə etməyə başlayıb:
“Bu, Fransada müəyyən qısqanclıq yaradıb. Xüsusilə Krımın Rusiya tərəfindən işğalı zamanı Fransa Rusiyanı beynəlxalq təcriddən qurtaran əsas oyunçulardan biri kimi çıxış edib. Çünki fransızlar Avropada liderlik uğrunda Böyük Britaniyaya qarşı mübarizəni davam etdirir və eyni zamanda qlobal güc olmaq istəyirlər. Onların yanaşmasına görə, bu məqsədə çatmaq üçün Çin və Rusiya ilə deyil, ABŞ və Britaniya ilə müttəfiqlik fonunda siyasət yürütmək daha məqsədəuyğundur”.
Politoloqun sözlərinə görə, Fransa Parisin dünyanın siyasi mərkəzi olmasını istəyir:
“Donald Trump da bunun fərqində idi və hakimiyyətə gəldiyi ilk gündən bəyan edirdi ki, Avropa Rusiya təhlükəsinə qarşı müdafiə olunmaq istəyirsə, bunun maliyyə yükünü ABŞ çəkməməlidir. Amerika onlara nə silah, nə də maddi dəstək verməməlidir – Avropa öz təhlükəsizliyini özü təmin etməlidir”.
H.Səhrablı bu prosesin hazırkı mərhələdə Makron üçün ciddi çətinliklər yaratdığını da bildirib:
“ABŞ və Fransanın bir-birinə qarşı siyasəti Ukrayna məsələsində də öz mənfi təsirini göstərməkdədir. Məhz bu ziddiyyətlər nəticəsində Ukrayna meydanda təklənmək təhlükəsi ilə üz-üzə qalıb”.
H.Səhrablı sonda məsələnin həll yolundan da bəhs edib:
“Bunun həlli yolu isə ondan ibarətdir ki, soyuq müharibədən sonra ABŞ-ın formalaşdırdığı dünya sisteminə Avropa dövlətləri – xüsusilə Fransa və Almaniya – yenidən tabe olsunlar. Yəni qlobal siyasət Amerika və Britaniya mərkəzində davam etsin, bütün qərarlar Vaşinqton tərəfindən koordinasiya edilsin, lakin hərbi və maddi yük əsasən Avropa dövlətlərinin üzərinə düşsün. Amerika məhz belə bir məntiq irəli sürür: “Biz Atlantik okeanının digər tərəfindəyik və Rusiya ilə Çin təhlükəsi bizə Avropadan bir addım uzaqdadır”, - deyə şərhçi yekunlaşdırıb.
Elşən Məmmədzadə