Arda Güler 20 yaşında-Türk futbolunun ümid simvolu

Bölmə: İdman › ,
Tarix: 20:57 25.02.2025

Futbol, bəzən bir uşağın xəyalını gerçəkləşdirən bir yoldur, bəzən də tarixin səhifələrində izini qoyan bir hekayəyə çevrilir. Arda Güler, həm özünün həm də türkiyəli futbolsevərlərin tarixini yazmağa davam edir. Hər addımında futbol dünyasında bir ilk, bir yenilik və bir iz buraxan Arda, sadəcə yaşadığı anın ulduzu olmaqla kifayətlənməyib, özünün vətənində və beynəlxalq arenada parlaq bir futbolçunun simvolu olub.

 

Arda Güler 25 fevral 2005-ci ildə Ankarada dünyaya gəlib. Arda Güler, futbola ilk addımlarını məhz bu şəhərdə atdı.

Arda futbol karyerasına 9 yaşında olarkən “Gençlerbirliği” komandasında başlayıb. Gənc istedad 14 yaşında “Fənərbahçe” akademiyasına qoşulub. 2019-cu ildə “Fənərbahçe”nin U-16 komandasında oynamağa başlayan futbolçu 2 il sonra U-19 komandasına cəlb edilib. Arda Güler İstanbul nəhənginin əsas komandasında 2021-ci ildən etibarən oynamağa başlayıb. 2019-cu ildə “Fenerbahçe” komandasına keçdi. Bu onun üçün yeni bir səhifə açdı.

Qısa müddətlik Super Liqa karyerasından sonra Avropaya yolu açılan Arda Gülerin əsas macərası hələ 13 yaşında ikən 20 fevral 2019-cu ildə “Fənərbahçe”yə transfer edilməsi ilə başladı. Möhtəşəm performansı sayəsində milli komandaya dəvət alan Arda ilk rəsmi müqaviləsindən 2.5 il sonra “Real Madrid”ə yollandı. 

2021-2022-ci illər mövsümündə Kadıköydəki “Antalyaspor”a qarşı keçirilən matç onun Super Liqada çıxdığı ilk oyun idi. 16 yaşlı Arda Güler 86-cı dəqiqədə meydana girərək bir məhsuldar ötürmə verməyi bacardı.

 

Növbəti mövsüm Arda “Fənərbahçe” forması ilə ümumilikdə 25 oyuna çıxdı. Gənc futbolçu Türkiyə Super Liqasında ümumilikdə 32 oyuna çıxıb, 7 dəfə rəqib qapılarına qol atıb. 

Sarı-lacivərdli formada parlayan Arda, 2023-cü ildə Real Madrid-ə transfer olunaraq dünya səhnəsinə çıxdı. Gənc yaşına baxmayaraq, o, meydanda təkcə istedadını deyil, böyük bir iradə və məsuliyyət hissini də nümayiş etdirir. Texnikası, oyun zəkası və meydandakı duruşu ilə gələcəyin əfsanələrindən biri olmağa namizəddir.

 

Gənc yaşına baxmayaraq, karyerasında vacib addımlar atan Arda Güler hazırda “Real Madrid”in uğurları üçün çalışır. 

 

Arda Gülerin uğur hekayəsi bununla da kifayətlənmir o Türkiyə milli komandasında göstərdiyi mübrizəyə görə də bariz örnəkdir.

Arda Güler, milli komandaya da öz töhfəsini verməkdədir. 2021-ci ildə, yalnız 16 yaşında, Türkiyə milli futbol komandasına dəvət olunur və bu, Türk futbolunun gələcəyinə olan ümidi daha da gücləndirir. İlk rəsmi matçını 2021-ci ildə keçirən Arda, müntəzəm olaraq milli komandanın mühüm üzvünə çevrilir və oyun üslubu ilə hər yaş qrupundan olan azarkeşləri özünə heyran qoyur.

 

 Arda Güler, EURO 2024-də Türkiyə millisinin heyətində çıxış edərək öz istedadını beynəlxalq arenada bir daha sübut etdi. Turnirin qrup mərhələsində gənc ulduz Gürcüstana qarşı möhtəşəm bir qol vuraraq tarixi bir nailiyyətə imza atdı. Bu qolla o, Avropa çempionatlarında qol vuran ən gənc türk futbolçu oldu və eyni zamanda turnir tarixində ən gənc qol müəlliflərindən biri kimi yadda qaldı.

 Turnir boyunca onun göstərdiyi performans təkcə Türkiyə azarkeşlərini deyil, bütün futbol dünyasını heyran etdi və Ardanın gələcəkdə həm milli komandada, həm də klub səviyyəsində daha böyük uğurlar qazanacağına inamı artırdı.

Bu gün Arda Gülerin 20 yaşı tamam olur. Onun hekayəsi bizə göstərir ki, əgər bir uşaq arzularının ardınca gedərsə, böyük arenalarda adını qızıl hərflərlə yaza bilər. 

Arda Güler yalnız bu günün parlayan ulduzu deyil, Türk futbolunun sabahına ümid verən bir simvoldur.

 

Ad günün mübarək, Arda! Yolun açıq, uğurların daimi olsun!

 

Aytac Mustafayeva