“ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə neytral yanaşması Rusiyanın maraqlarına cavab verir”

Bölmə: Siyasət › ,
Tarix: 21:15 25.02.2025

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün bu həftə razılıq əldə edə bilər".

 

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov “informator.az”a açıqlamasında bildirib ki, Donald Trampın Rusiya -Ukrayna savaşı ilə bağlı sülh təklifinin ilkin görüntüsü onu deməyə əsas verir ki, ABŞ avropalı müttəfiqlərini kənara çəkib, danışıqlar prosesinə nəzarəti əlinə almaqla, ilk növbədə, öz maraqlarını da təmin etməli və Kiyevin Rusiyaya güzəştə getməli olduğunu düşünür:

 

“Bu da ABŞ-nin Kiyevə yardım məsələsinə yanaşmasını yenidən formalaşdırdığının göstəricisdir. ABŞ Rusiya ilə sövdələşmə edərək, Vladimir Zelenskini Rusiyanın işğal etdiyi Ukrayna əraziləri üzərində Rusiyanın suverenliyini tanımağa məcbur etməyi də düşünür. Lakin faydalı qazıntı yataqlarının ABŞ-nin nəzarətinə keçməsi Donald Trampı fərqli variantlardan istifadə eyməyə sövq edə bilər. 

Bu gedişatı anlayan Ukrayna isə ABŞ-lə münasibətləri əvvəlki səviyyəyə çatdıraraq, Amerikanın kəsilməz dəstəyini bərpa etmək üçün səy göstərir. Bundan əlavə, Ukrayna 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmağın nə qədər qeyri-real olmasına baxmayaraq, bu istiqamətdə ABŞ-də siyasi-hərbi dəstəyini arxasına alaraq Rusiyaya qarşı diplomatik təzyiqləri əlində saxlamaq niyyətindədir. Amma bu, indiki vaxtda çox uzaq və böyük ambisiyadır və bu gedişat danışıqlar prosesini donduraraq, müharibənin müddətini uzada bilər. Real mənzərə isə ABŞ-nin Ukraynanı Rusiyaya itirdiyi əraziləri qəbullanmağa çağıracağı yönündə cərəyan edir”. 

 

Politoloq, Avropanın istəklərindən də danışıb:

 

“Avropanın istəyi isə Rusiyanın mümkün qədər çox Ukraynanın ələ keçirilən ərazilərindən çıxması yönündədir. Atəşkəs əldə edildikdən sonra isə cəbhə xətti boyunca demilitarizasiya olunan bufer zonasına nəzarət edəcək hərbçiləri oraya yerləşdirməkdir. Bu təklifə bütün Avropa ölkələri isti yanaşmasa da, bəzi qüvvələr bunun üçün zəmin hazırlayır. Eyni zamanda, Avropa öz təhlükəsizliyi naminə onilliklərin ən ciddi böhranını yaşayan transatlantik alyansını xilas etməyə çalışır və ABŞ-nin ənənəvi yanaşmasının bərpası üçün üçün yol axtarır. Çünki Avropa İttifaqında, Avropanın və bilavasitə Ukraynanın gələcəyi ilə bağlı danışıqlarda Aİ-dən və Ukraynadan tamamilə yan keçəcəyi ilə bağlı narahatlıqlar artır. Əgər belə davam edərsə, bu məsələdə Avropa İttifaqı siyasi söz sahibliyini itirəcək. Bu da Avropa liderlərinin reputasiyalarının yerlə bir olması anlamına gəlir. Maraqlı məqamlardan biri də odur ki, son onilliklərdə ABŞ və Avropadakı müttəfiqləri arasında bu qədər ziddiyyət yaranmayıb”. 

 

Politoloqun sözlərinə görə , ABŞ-nin bu münaqişəyə neytral yanaşma görüntüsü yaratması Rusiyanın maraqlarına cavab verir:

 

“ABŞ bu cür davranmaqla Rusiya-Ukrayna müharibəsindən ən qazanclı tərəf kimi çıxmaq niyyətindədir. Əvvəlcə Ukraynaya verdiyi bütün "yardımları" Ukraynanın əmtəə və resurs iqtisadiyyatının əksəriyyətinə tam nəzarəti etməklə və daha artığı ilə kompensasiya edəcək. Bütün tərəflərin nələrsə itirməsi fonunda yeganə qalib tərəf ABŞ olacaq. Bu mənada isə Rusiya ilə də anlaşma olduqca zəruridir. Çünki ABŞ faydalı yataqlara nəzarəti əldə etdikdən sonra şirkətlər Ukraynada əməliyyatlara başlamalıdır. Əgər Rusiya ilə kəskin münasibət davam edərsə və savaş bitməzsə, bu, Vladimir Putini yenidən hücum etməyə vadar edə bilər. ABŞ-nin Rusiyaya qarşı ənənəvi yanaşmadan imtina etməsinin əsas səbəblərindən biri də bəzi mineral hövzələrin Ukraynanın şərqində cəbhə xəttinə yaxın və ya Rusiyanın işğal etdiyi ərazilərdə yerləşməsidir. Təbii ki, böyük sanksiyalarla, insan itkisi və xərclərlə əldə edilən torpaqları geri qaytarmaq Moskvanın maraqlarına uyğun deyil. Ona görə də bütün təzyiqlərə rəğmən, Rusiya cüzi güzəştlərə getməklə, irəlilədiyi ərazilərində qalmağa çalışacaq. 

Ukrayna isə bu razılaşma ilə ABŞ-nin böyük yardım paketinə və davamli dəstəyinə ümid edir ki, Zelenski bununla Trampın imzalanmış müqaviləni müdafiə edəcəyini düşünür”. 

 

Kəmalə Vəliyeva