Legioner limitinin ləğvi-Azərbaycanın futbol gələcəyinə təsirləri

Tarix: 16:50 26.02.2025
Azərbaycan futbolunda legioner limitinin ləğvi qərarı idman və futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Bu fikirləri “İnformator.az”a açıqlamasında idman jurnalisti Fuad Eldarov bildirib. Onun sözlərinə görə, legionerlərin ölkəmizdə çıxış etməsinin müsbət tərəfləri mövcuddur:
“Legionerlərin ölkəmizdə çıxış etməsi Azərbaycan futbolunun daha geniş miqyasda tanınması, həmçinin menecerlərin ölkəmizə səfər edərək vəziyyəti dəyərləndirməsi baxımından müsbətdir. Hər hansı klub istədiyi qədər legioner gətirmə haqqına sahibdir. Əvvəl yalnız müəyyən sayda legioner oynada bilirdilər, amma indi imkanlar daha da genişlənib”.
F.Eldarov maddi məsələnin əhəmiyyətini də vurğulayıb:
“Əlbəttə ki, maddi məsələ də ön plandadır. Ancaq yalnız ‘pulum varsa, gətirirəm’ prinsipiylə deyil. Həmin futbolçu və onun menecerinə ödənilən pullar klub büdcəsindən qarşılanır. Legioner limitinin ləğvinin Azərbaycan futboluna və azərbaycanlı futbolçulara təsiri isə məlumdur”.
Şərhçi sonda əlavə edir ki, bundan əvvəl akademiyalardan, klublardan yetişən yerli futbolçuların sayı artarkən, bu say azala bilər:
“Belə olduqda, futbolun inkişafı və azərbaycanlı futbolçuların yetişməsi artıq klubların öz əlində olacaq. Legionerlər futbolu baxımlı edə bilər, amma əsas məqsəd özümüzdə olan istedadları önə çıxarmaq, inkişaf etdirməkdir. Bu məsələ balanslaşdırılıb. Legioner limitləri olmasa da, klublar bu məsələyə diqqət yetirəcək,” - deyə şərhçi yekunlaşdırıb.
Xədicə Bayramlı