Qardaşlıqdan Strateji Tərəfdaşlığa-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 16:09 26.02.2025

Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk ölkələrdən biri də Pakistan olub. Bundan qısa müddət sonra qurulan diplomatik əlaqələr Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.


Bu fikirləri “İnformator.az”a siyasi şərhçi Elmir Səftərov bildirib. Onun sözlərinə görə, Azərbaycan və Pakistan ən çətin dövrlərdə bir-birinə sarsılmaz dəstək göstərib:
“Ölkələrimiz arasında münasibətlər təkcə diplomatik əlaqələrlə məhdudlaşmır. Pakistan Azərbaycanın ərazi bütövlüyünü daim müdafiə edib, Ermənistanın işğalçı siyasətini açıq şəkildə pisləyib. Hər iki dövlət beynəlxalq arenada bir-birinə siyasi və diplomatik dəstək verir. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə edir”.


Şərhçinin sözlərinə görə, Azərbaycan-Pakistan münasibətləri təkcə siyasi əməkdaşlıqla məhdudlaşmır:
“Hazırda iki ölkə arasında iqtisadi, texnoloji, təhlükəsizlik və mədəni əlaqələr genişlənir. Hərbi sahədə əməkdaşlıq isə xüsusi önəm kəsb edir. Pakistan Azərbaycanın əsas hərbi tərəfdaşlarından birinə çevrilib. İki dövlət arasında müdafiə sənayesi sahəsində də ciddi əməkdaşlıq mövcuddur”.


Elmir Səftərov qeyd edir ki, Pakistan təkcə Qarabağ münaqişəsi dövründə deyil, müstəqillikdən bəri hər zaman Azərbaycanın yanında olub:
“Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyan və Ermənistanı bu cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağıran ilk ölkələrdən biridir. Həmçinin, Pakistan Ermənistanın işğalçılıq siyasətini pislədiyi üçün bu ölkəni indiyə qədər müstəqil dövlət kimi tanımayıb. Bu, İslamabadın Azərbaycana verdiyi qətiyyətli dəstəyin göstəricisidir”.


Politoloq vurğulayır ki, Azərbaycan və Pakistan rəhbərləri müntəzəm olaraq görüşlər keçirir və münasibətlərin inkişafı üçün yeni imkanlar dəyərləndirilir:
“Ölkə liderlərinin qarşılıqlı səfərləri iki ölkə arasındakı əməkdaşlığın inkişafına böyük töhfə verir. Sosial-iqtisadi əlaqələrin möhkəmlənməsi, ticarət və işgüzar münasibətlərin genişlənməsi hər iki dövlət üçün yeni perspektivlər açır”.


Elmir Səftərov sonda əlavə edir ki, Azərbaycan-Pakistan münasibətləri gələcəkdə daha da dərinləşəcək:
“Bu əlaqələr artıq sadəcə dostluq və tərəfdaşlıq çərçivəsində deyil, qardaşlıq prinsipləri əsasında inkişaf edir. Hər iki ölkə bu əməkdaşlığı daha da gücləndirmək üçün geniş imkanlara malikdir”, - deyə şərhçi yekunlaşdırıb.


Elşən Məmmədzadə