Dərman qıtlığının səbəbi-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:49 26.02.2025

Dərman qıtlığının əsas səbəbi daxili istehsalın yoxluğudur.


Bu fikirləri “İnformator.az”a açıqlamasında həkim-radioloq Aydın Əliyev bildirib. O, ölkədə dərman qıtlığının səbəblərini izah edərkən qeyd edib ki, bu mövzu son aylarda ciddi narazılığa səbəb olub:
“Dərman qıtlığının səbəbləri arasında Ukraynadakı müharibə də göstərilir. Lakin əsas səbəb Azərbaycanda dərman istehsalının sıfır həddində olmasıdır”.


A.Əliyev, həmçinin, ölkədə dərman siyasətinin düzgün qurulmadığını bildirir:
“Statistikaya əsaslanaraq müəyyən edilməlidir ki, əhali hansı dərman preparatlarından nə qədər istifadə edir. Bu cür məlumatlar toplandıqda, dərman istehsalını və idxalını daha düzgün şəkildə qura bilərik. Həmçinin, keyfiyyət məsələsi də çox vacibdir. Yaxınlarımızın, hətta özümüzün belə qəbul etdiyimiz dərmanların keyfiyyətindən əmin ola bilmirik. Bunu da bilmirik ki, 5-10 ildən sonra bu dərmanlar hansı fəsadlara yol aça bilər”.


A.Əliyev əlavə edir ki, dərmanlara xüsusi nəzarət tətbiq edilməlidir:
“Bəzən görürük ki, yay aylarında dərman preparatlarını günəş şüalarının altına qoyurlar. Bu isə dərmanların keyfiyyətinə ciddi mənfi təsir göstərir. Bunu bilmirik ki, dərmanlar depolarda necə saxlanılır. Eyni zamanda, əhalimiz daim dərmanların keyfiyyətindən şikayət edir. Çünki dərmanların saxlanılmasına laqeyd yanaşılır. Bəzən isə əczaçılıq sahəsində təcrübəsi olmayan insanlara apteklərdə vəzifə verilir”, - deyə o, yekunlaşdırıb.

 

Hikmət Kərimli