Xocalı- Jurnalistika Fakültəsinin müəllimlərinin gözü ilə

Tarix: 22:04 26.02.2025
Bu gün -26 fevral Xocalı faciəsinin anım günü ilə əlaqəli olaraq, JK-095A və JK-097A qruplarında fəlsəfə elmləri namizədi, dosent Sima Rəhimovanın "Jurnalist etikası və kommunikasiya mədəniyyəti" dərsinin mühazirəsinin müəyyən hissəsi "Xocalı"ya həsr edilib. Tələbələr bu faciəyə- Xocalıya Jurnalistika Fakültəsinin Müəllimlərinin Gözü ilə baxıblar.
"Xocalı Jurnalistika Fakültəsinin müəllimlərinin gözü ilə" başlıqlı bu dərsdə BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu və publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Prezident təqaüdüçüsü Qulu Məhərrəmli də iştirak edib. Qulu Məhərrəmli bu faciə haqqında və öz xatirəsindəki başı bəlalı ,ancaq indi azad olan Xocalımız haqqında öz fikirlərini və yaşadıqlarını bölüşüb.
O bildirib ki, Xocalı mövzusu onun üçün də xüsusi bir mövzudur:
"Ona görə ki bu hadisələr baş verməmişdən təxminən bir ay yarım əvvəl mən Xocalıda ezamiyyətdə oldum. Xocalının tarixi də çox qədimdir.
Biz bu hadisələri təhlil edəndə yanaşmamız necə olmalıdır?
Fransızlarda bir pilləkən effekti var. Bu o deməkdir ki, siz pilləkəndə gəlirsiz, bir adamla üzbəüz çıxırsınız, o sizə nəsə deyir gedir ,ancaq siz ona nə deyəcəyinizi bilmirsiniz. Lakin pilləkan başına çatanda deyirsiniz ki, gərək ona bunu deyərdim. Bu dəhşətli bir şeydir. Və tarix bunu - şərt şəkilçisini sevmir. Xocalı hadisəsi elə bir dövrdə baş verdi ki, çox mürəkkəb hadisələr gedirdi. Faktiki olaraq SSRİ dağılırdı. Azərbaycan da digər respublikalar kimi öz müstəqilliyini elan etdi. Hadisələr ciddi şəkildə gedirdi. Ermənistan bu hadisələrə çox ciddi şəkildə hazırlaşırdı. İndi bəzən başlayırlar tarixdə olan bəzi hadisələri ittiham etməyə. Bir-iki vicdansız tarixçi tapırlar ki, bu hadisələri konteksdən ayırır. Biləsiniz ki, 1918-ci il AXC qurulanda bir gülləmiz belə yox idi. Amma həmin dövrdə mənfur düşmənin güclü diviziyaları var idi, çox ciddi hazırlaşırdı. Ona görə heç bir hadisəni tarixdən çıxarıb günün gözü ilə qiymət vermək olmaz. Hətta Xocalı faciəsi baş verəndə belə onu başqa cür təqdim edirdilər.
Mən onda AZTV-də işləyirdim. Bizə təklif olundu. Biz getməyə razılaşdıq. Dedik ki, gedəcəyik Xocalıya, oradan da Şuşaya. Şuşadan da bir neçə reportaj edim, sonra geri qayıdarıq. Getdik... 3 nəfər idik - operator Vaqif, rejissor Adil, bir də mən. Ağdama qatarla getdik. Həmin günü uça bilmədik, gecəni orada qaldıq. Orada Qarabağa yardım qərargahı fəaliyyət göstərirdi. Bizi Xocalıya onlar göndərməli idi. Qərargahda Əhəd Kərimovla görüşdük. Vertolyot düzəldi, getdik Xocalıya. Vertolyota minəndə diqqətimi cəlb edən hamının gözünün içində o qorxunu görməyim idi. Az adam gedirdi, hamını seçmək olurdu. Adamların gözündəki o qorxu heç yadımdan çıxmır. Biz uçanda dekabr ayı idi. Ondan da bir ay qabaq Qarakənddə vertolyot vurulub, bizim hökumət adamları terror nəticəsində qətlə yetirildi. Ona görə də vertolyota minmək böyük risk tələb edirdi. İnsanların gözündəki qorxu da bu səbəbdən idi.
Xocalıya çatdıq, vertolyotun pilotu soruşdu ki, axşam qayıdacaqsınız? Dedim ki, bizim burada bir neçə yerdə çəkilişlərimiz var. İşlərimiz bitəndən sonra qayıdacağıq. Bizim Xocalıya gəlişimizin əsas məqsədi vəziyyəti real, olduğu kimi çəkmək və televiziyada göstərmək idi. Çünki o vaxt Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy bəyanat verdi. Bəyanatda göstərdi ki, Xocalı tam mühasirədədir, nəqliyyat yoxdur, əhali qorunmur. Yəni, hökumət ora lazımi qayığını göstərə bilmir. Yadımdadır ki, Məmməd Murad sədr olaraq dedi ki, orada nə varsa, doğrunu çəkin. Həmin tapşırıq bizi çox ruhlandırdı. Orada millət vəkili Elman Məmmədovla görüşdük, hamı silahlı idi. Hamı gileylənirdi,vəziyyətdən narazı idilər. Deyirdilər ki, Bakıda bizi unudublar, burada yiyəsiz qalmışıq. Orada çəkilişlər aparmağa başladıq. Çəkilişlərimizi hardasa iki günün içərisində tamamladıq. O vaxt Milli Ordu təzə idi, onun bir "vzvodu" vardı. "Vzvodun" rəhbəri Aqil Quliyevlə görüşdük. Aqil Quliyev Xocalı hadisələrində qətlə yetirildi və sonradan "Milli Qəhrəman" adı aldı. Orada bir özünümüdafiə dəstəsi vardı - bu işlərə də Tofiq müəllim rəhbərlik edirdi, gecələr növbə çəkirdilər. Deməzdim ki, mükəmməl müdafiə sistemi vardı. Adamlar yüngül silahla özlərini qorumağa çalışırdılar. Çox şikayətləndilər, nə dedilərsə, hamısını kinolentlə yazdıq. İndi geri qayıtmaq üçün vertolyot yoxdur. Əsgərandan yol kəsildi, yalnız hava yolu vardı. Beləliklə, biz yeni ili Xocalıda qaldıq. Adamlar bizə əl tutmağa çalışırdılar. Gündüzlər çəkiliş edirdik, daha çox Xocalı Aqrosənaye İdarəsinin binasında qərargah saldılar, gündüzlər orda olurduq. Əsgərlərlə söhbətimiz yaxşı tuturdu. Orada olanda arada AZTV-yə baxırdım. Görürdüm ki, həqiqətdən uzaq məlumatlar verirlər. Xəbərlərdə reallıq görünmür, yalançı pafos var. Məsələn, Xocalıda un yox, camaat yemək sarıdan əziyyət çəkir. Amma Xocalıdan bir az aralı olan Ağcəbədidə "Ət bayramı” keçirilir və bunu da "Xəbərlər” proqramında hay-küylə təqdim edirlər. Onda dərk elədim ki, insanın bədənində bir əza ağrıyır, amma bunu kimsə hiss eləmir. Onda içimdən belə bir hiss keçdi ki, ekrana çıxan, xəbər verən adam heç vaxt yalan danışmamalıdır. Yalan millət üçün fəlakətdir. Beləliklə, hardasa yanvarın 8-nə kimi orada qaldıq. Hər gün gəlib poçtla əlaqə saxlayırdıq ki, bizi oradan çıxarmağa nail olsunlar. Amma alınmırdı. Eyni zamanda, Xocalıda gecələr çəkilişlərimizi aparırdıq. Xüsusən Xocalı aeroportunu gözləyən polislərlə yaxşı münasibətimiz vardı. Onlarla söhbətlər aparırdıq, məktəbdə olurduq, oranın ağsaqqalları ilə görüşürdük. Demək olar ki, qısa müddətdə biz də xocalı sakini olduq.
3-4 gün orda qalandan sonra insanın içində ölüm hissi də adiləşir və heç nədən qorxmursan. Orada çox hadisələrlə qarşılaşdıq. Belə bir fürsət yarandı ki, bizi yola salmaq olar. Gəncəyə gedən rus əsgərlərinin vasitəsi ilə Əsgərandan keçib Ağdama keçə bilərik. Göyüş müəllim vardı, deyəsən şəhər sovetinin sədri idi. O, təklif etdi, biz də mahiyyəti bilmədən razılaşdıq. Necə olursa-olsun, Bakıya qayıdıb, materialları yayımlamaq lazımdı. Biz tankın içinə oturanda Aqil Quliyev gəldi. Soruşdu ki, hara gedirsiniz? Deyəndə ki, Bakıya, etiraz elədi, dedi ki, sizi qoymaram ruslarla gedəsiniz. Onlara etibar yoxdur, gedəcəksiniz, sizi Əsgəranda girov qoyacaqlar.Bir-iki gündən sonra vertolyot gəldi. Adam çox idi. Hamı gəlmək istəyirdi. Amma deyəsən belə bir göstəriş verildi ki, yerli əhali ordan çıxmasın. Vertolyot gəldi, əsgərlər bizi güclə mindirdi. Orada da qeyri-adi bir hadisə baş verdi. Vertolyot qalxanda vurmağa başladılar. Hiss edirdik dəyir, hay-küy qalxdı ki, indi vuracaqlar, vertolyot patlayacaq. Pilot uca səslə qışqırdı ki, narahat olmayın. 50-100 metr qalxandan sonra təhlükə sovuşdu.
Bakıya qayıdandan sonra Vasif Babayevin rejissorluğu ilə geniş veriliş də hazırladım. Xocalıda olarkən qeydlər apardığım bloknotu bu günədək saxlayıram. Bəlkə nə vaxtsa yenə lazım olacağını düşünürəm... "
Və sonda müəllim, tələbələrinə savadlı, təhsilli olmağı tapşırdı".
Nigar Həsənzadə