Sürücülük hüququ olmayan şəxslərə nəqliyyat vasitəsi etibar edilməməlidir-EKSPERT AÇIQLADI

Tarix: 22:02 26.02.2025
Sürücülük hüququ olmayan şəxslərə nəqliyyat vasitəsi etibar edilməməlidir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib. Onun sözlərinə görə, sürücülük hüququ olmayan şəxslərə nəqliyyat vasitələrini bilərəkdən etibar etməyə görə avtomobil sahibinə 60 manat cərimə tətbiq edilir:
“Sükan arxasında əyləşən şəxs 16 yaşdan yuxarıdırsa, ona 100 manat cərimə tətbiq oluna bilər. Əlbəttə, sükan arxasına keçən azyaşlıları məsuliyyətə cəlb etmək olmur. Yalnız onların valideynləri barəsində inzibati tədbir görülür”.
E. Muradlı bu hərəkəti qətiyyən yolverilməz hesab edir:
“Bu olduqca təhlükəlidir. Vətəndaşlarımız bunu daim nəzərə almalıdır. Uşaqlara çox şey öyrətmək olar, amma bunu onları təhlükə qarşısında qoyaraq etməməliyik. Yanaşma doğru deyil”.
Ekspert həmçinin təlim üçün müxtəlif meydançaların olduğunu vurğulayıb:
“Bu meydançalarda təlimçilərdən yalnız yetkinlik yaşına çatmış şəxslər faydalana bilər. Ən azından bilirik ki, peşəkar təlimçidən təlim alacayıq. Mən bunun tərəfdarıyam”.
E.Muradlı sonda əlavə edib ki, cəmiyyətimiz hələ də köhnə düşüncədədir:
“Məsələn, əvvəllər kəmər taxılmırdı və onu taxan şəxs daim gülüş obyekti olurdu. Amma zaman dəyişib. Təəssüf ki, köhnə düşüncədə qalan insanlar çoxdur, uşaqlara yaxşı təhsil vermək yerinə, onları sükan arxasında oturdurlar. Halbuki azyaşlıya maşın etibar etmək olmaz”, - deyə o, yekunlaşdırıb.
Hikmət Kərimli