Azərbaycanda turizmin inkişafına mane olan əsas problemlər-iqtisadçı AÇIQLAYIR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:47 26.02.2025

 

"Azərbaycanda turizm sektoru 2020-ci ildə baş verən COVID-19 pandemiyasından ciddi zərər görüb və hələ də tam bərpa olunmayıb".

 

Bu sözləri "informator.az"a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli söyləyib. Ekspert Azərbaycan iqtisadiyyatında turizmin payının nə qədər olduğundan da bəhs edib:

 

"Ölkənin turizm potensialı ÜDM-in 20-25%-ni təşkil edə biləcək səviyyədə olmasına baxmayaraq, hazırda bu göstərici cəmi 3%-ə bərabərdir. Azərbaycanın coğrafi mövqeyi, ekoloji müxtəlifliyi və tarixi irsi nəzərə alındıqda, turizm sektorunun inkişafı üçün geniş imkanlar mövcuddur. Lakin bu sahədə bir sıra fundamental problemlər turizmin genişlənməsinə və beynəlxalq bazarda rəqabət qabiliyyətinin artmasına mane olur. Turizm sahəsində ən ciddi problemlərdən biri inhisarçılıqdır. Azərbaycanda turizm obyektlərinin və çarpayı sayının artmasına baxmayaraq, qiymətlər aşağı düşmür. Bu, əsasən turizm sektorunun məhdud sayda sahibkar və şirkətlərin nəzarətində olması ilə bağlıdır. Rəqabət mühitinin zəif olması səbəbindən bazarda qiymətlərin süni şəkildə yüksək saxlanılması müşahidə edilir. Rəqabətin olmadığı bir mühitdə turizm obyektləri daha çox xidmət keyfiyyətinin artırılması hesabına deyil, qiymətlərin yüksəldilməsi yolu ilə gəlir əldə edirlər. Bu isə həm daxili, həm də xarici turistlər üçün əlverişsiz şərait yaradır və turizmin inkişafını məhdudlaşdırır. Digər mühüm problem qanunvericilik sahəsində müşahidə olunur. Azərbaycanda kiçik sahibkarların, xüsusilə kənd yerlərində turizm xidməti göstərmək istəyən şəxslərin fəaliyyətinə ciddi inzibati və maliyyə tələbləri qoyulur. Məsələn, kənd turizmi ilə məşğul olmaq istəyən bir şəxs yalnız bir otağı icarəyə vermək üçün minimum 1000-2000 manat arasında vəsait xərcləməli, qeydiyyat prosedurlarını keçməli və kassa aparatı almalıdır. Bu isə kiçik sahibkarlar üçün əhəmiyyətli maliyyə yükü yaradır və onları qeyri-rəsmi fəaliyyətə sövq edir. Bundan əlavə, vergi və hesabat tələbləri də çox mürəkkəbdir. Azərbaycanda qüvvədə olan vergi məcəlləsi bir çox inkişaf etmiş ölkələrlə müqayisədə daha mürəkkəb və sahibkarlar üçün çətinlik yaradan tələblərlə doludur. Vergi və rüsumların yüksək olması turizm sektorunda fəaliyyət göstərən şəxslərin işini daha da çətinləşdirir".

 

Akif Nəsirlinin sözlərinə görə, turizm sektorunun inkişafına mane olan digər amil isə inzibati maneələr və yerli idarəetmə orqanlarının müdaxiləsidir:

 

"Turizm regionlarında fərdi şəxslərin evlərini və ya digər məkanlarını turistlərə kirayə vermək istəməsi yerli icra hakimiyyəti orqanlarının müxtəlif müdaxilələri ilə qarşılaşır. Bəzi hallarda sahibkarlardan əlavə icazələr tələb olunur ki, bu da biznesin inkişafına əngəl törədir. Bütün bu problemlər fonunda Azərbaycanın turizm potensialından tam istifadə olunmur. Halbuki ölkə ekoturizm, tarixi və mədəni turizm, eləcə də istirahət turizmi sahələrində böyük imkanlara malikdir. Dünyada nadir hesab olunan palçıq vulkanlarının Azərbaycanda geniş yayılması və unikal təbiət mənzərələrinin mövcudluğu bu sahədə inkişaf üçün əlverişli şərait yaradır. Lakin Gürcüstanla müqayisədə Azərbaycan turizm sahəsində geridə qalır və rəqabət qabiliyyətini artırmaq üçün ciddi islahatlara ehtiyac duyulur. Problemlərin həlli üçün ilk növbədə turizm sektorundakı inhisarçılığın qarşısı alınmalı və sərbəst rəqabət mühiti yaradılmalıdır. Bununla yanaşı, qanunvericilik sadələşdirilməli, kiçik sahibkarlar üçün vergi yükü azaldılmalı və inzibati maneələr aradan qaldırılmalıdır. Azərbaycan iqtisadiyyatı hazırda əsasən neft və qaz gəlirlərindən asılıdır və bu resurslardan əldə edilən gəlirlərin əhəmiyyətli hissəsi dövlət büdcəsini formalaşdırır. Neft sektorundan əldə olunan gəlirlərin yüksək olması fonunda qeyri-neft sektorunda, xüsusilə turizm sahəsində sahibkarlara əlavə maliyyə yükünün yüklənməsi məqsədəuyğun deyil. Vergi və gömrük rüsumlarının yüngülləşdirilməsi turizm sektorunun inkişafına töhfə verə bilər və ölkəyə daha çox xarici turist cəlb olunmasına şərait yaradar".

 

Fatimə Abdulrəhimli