Saakaşviliyə verilən son hökm

Bölmə: Siyasət › ,
Tarix: 20:10 13.03.2025

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili ona qarşı çıxarılan son hökmlə bağlı münasibət bildirib. O, bu hökmün faktiki olaraq ömürlük həbsə bərabər olduğunu vurğulayıb:

“Oliqarxın hökmü necə də sürpriz oldu, hə? Mən Prezident Administrasiyasının rəsmi xərclərinə görə praktiki olaraq ömürlük həbsə məhkum edildim. Bizi qorxuda bilməzlər. Güc birlikdədir!”

 

Mövzu ilə bağlı politoloq Turab Rzayev bildirib ki, əgər Qərbdən Gürcüstan hakimiyyətinə yetərincə təzyiq göstərilməzsə və müxalifətə dəstək verilməzsə, Saakaşvilinin həbsdə qalma müddəti uzana bilər:

 

“Burada siyasi mübarizənin getdiyi açıq-aşkar görünür. Bir tərəfdən Rusiya və Avropa İttifaqı arasında qarşıdurma yaşanır, digər tərəfdən isə Rusiya ilə yaxın olan “Gürcü Arzusu” Partiyası və Vahid Milli Hərəkat arasında mübarizə davam edir. Hazırda bu mübarizənin səngidiyini görürük. Qərb əvvəllər Saakaşvilinin rəhbərlik etdiyi hərəkatı güclü şəkildə dəstəkləyirdi, lakin son zamanlar bu dəstək əvvəlki qədər güclü deyil. Bundan istifadə edən hakimiyyət Saakaşvilinin həbs müddətini daha da uzatmaq üçün bu hökmü çıxarıb. Bu hökmlə bağlı müəyyən mübahisələr də var. Gürcüstan hakimiyyəti Saakaşvilinin prezident olduğu dövrdə büdcə vəsaitindən şəxsi maraqları naminə istifadə etdiyini iddia edir. Digər tərəfdən, Saakaşvili isə həmin xərclərin Prezident Administrasiyasının rəsmi xərcləri olduğunu bildirir.

 

Aydın məsələdir ki, burada siyasi motivli həbs var. Maraqlıdır ki, bu məsələyə beynəlxalq ictimaiyyətin reaksiyası necə olacaq? Əvvəllər Avropa və ABŞ Gürcüstan hakimiyyətinə qarşı vahid mövqe sərgiləyir, Saakaşvilini və müxalifəti açıq şəkildə dəstəkləyirdi. Lakin hazırda Qərb ölkələri arasında bu məsələdə tam ortaq mövqe yoxdur. Əgər Gürcüstan hakimiyyətinə qarşı yetərli təzyiq göstərilməzsə, Saakaşvilinin həbs müddəti daha da uzana bilər”.

 

Fatimə Şahverdiyeva