Zelenski: Putin bu müharibədən çıxa bilməz, çünki o zaman əlində heç nə qalmaz

Bölmə: Dünya › ,
Tarix: 22:10 14.03.2025

 

Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putinin müharibəni davam etdirmək istədiyini bildirərək, “Putin bu müharibədən çıxa bilməz, çünki o zaman əlində heç nə qalmaz” ifadəsini işlədib.

 

Zelenski, sosial media hesabında yazılı açıqlama verərək, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı ABŞ-nin irəli sürdüyü 30 günlük atəşkəs təklifini dəyərləndirib.

 

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşdə ABŞ-nin təqdim etdiyi “30 günlük təcili atəşkəs” təklifini Ukraynanın qəbul etdiyini xatırladan Zelenski, bunun müharibəni bitirmək üçün vacib bir mərhələ ola biləcəyini qeyd edib.

 

Putinin sözügedən təkliflə bağlı dünən verdiyi açıqlamalara toxunan Zelenski, Rusiya liderinin bəzi şərtlər irəli sürdüyünü vurğulayaraq, “O, atəşkəs istəmir. Ona müharibə lazımdır. Bu, həmişə aydın idi, indi də aydındır”,-deyə bildirib.

 

ABŞ-nin Rusiyaya təzyiq göstərməli olduğunu müdafiə edən Zelenski, “Putin müharibəni özü bitirməyəcək, amma Amerikanın gücü onu buna məcbur etməyə yetərlidir”,- deyə qeyd edib.

 

“Putinin irəli sürdüyü hər bir şərt diplomatiyanı əngəlləmək cəhdidir”

 

Rusiya lideri Putinin müharibəni bitirmək üçün aparılan diplomatiyanın “uğursuzluğa düçar olması üçün əlindən gələni etdiyini” bildirən Zelenski, “Putin bu müharibədən çıxa bilməz, çünki o zaman əlində heç nə qalmaz”,- deyə vurğulayıb.

 

Zelenski, Putinin daha əvvəl Minsk görüşlərindəki danışıqlar prosesini bilərəkdən uzatmağa çalışdığını qeyd edərək, “Putinin irəli sürdüyü hər bir şərt diplomatiyanı əngəlləmək cəhdindən başqa bir şey deyil. Rusiya bu cür işləyir” ifadəsini işlədib.

 

Atəşkəsin təmin olunması üçün ABŞ tərəfi ilə effektiv və sürətli işləməyə hazır olduqlarını vurğulayan Zelenski, belə deyib:

“Biz müharibə oyunları oynamaq istəmirik. Müharibənin hər günü insanlarımızın həyatına başa gəlir və bu, bizim sahib olduğumuz ən dəyərli şeydir”.

 

 

TRT Xəbər

Günel Verdiyeva