Ermənistan yeni müharibəyə hazırlaşır?

Tarix: 22:58 14.03.2025
"Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşması haqda iddialar güclənməkdədir. Bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın hökumət üzvləri və hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə keçirdiyi iclasda buna eyham vurması diqqət çəkir"
Bu sözləri "informator.az"a açıqlamasında politoloq Turan Rzayev deyib.
Onun sözlərinə görə, digər mühüm məqam isə “Caliber”in də Ermənistanın müharibəyə hazırlaşması ilə bağlı məlumatları açıqlamasıdır:
"Bəs doğrudanmı növbəti müharibəyə hazırlıq gedir? Öncəliklə İrəvanın atdığı addımlara və bir sıra hadisələrə baxmaq lazımdır. Belə ki, ötən həftə elan olundu ki, aprelin 1-dən iyunun 13-dək Ermənistanda növbəti ehtiyat təlimi keçiriləcək. Bu, 10 həftə davam edəcək. Həmçinin Avropa İttifaqı (Aİ) missiyası sərhəd boyu, xüsusən də toqquşmaların mümkün olduğu ərazilərdə kəşfiyyat işlərini intensivləşdirib. Ermənistanda son iki ildə hərbi alışlarını kəskin artıraraq, Fransa və Hindistan silahlarına milyardlarla dollar xərcləyib. Həmçinin Aİ də Avropa Sülh Fondu vasitəsilə birbaşa və ya dolayı yolla militarizasiyaya gedən maliyyə töhfələri verməklə prosesdə rol oynayır. Bu üç detal Ermənistanın yeni müharibəyə hazırlaşdığını təsdiqləyir. Lakin Ermənistanın aldığı silahlardan aktiv istifadə edəcək qədər canlı qüvvəsi yoxdur. Hərbi kadr çatışmazlığı da var. Bu baxımdan deyə bilərik ki, Ermənistanın yeni hücum üçün niyyəti mövcud reallıqları dəyişməkdir. Daha dəqiq desək, İrəvan Bakını dəhliz tələbindən geri çəkib, daha məqbul şərtlərdə sülh sazişini imzalamaq istəyir. Deməli, Ermənistanın məqsədi Azərbaycanı təhrik edərək öz meydanına gətirməkdir".
Politoloq Ermənistanın hansı hücum taktikasına əl ata biləcəyindən də danışdı:
"Azərbaycan Ordusunun Ermənistan qarşısında şəxsi heyət üstünlüyü var. Bundan başqa, aviasiya üstünlüyümüz də bəlli məsələdir. Ermənistan bunu bildiyi üçün əvvəlcə şərti dövlət sərhədində (ehtimal: Qazax, Kəlbəcər) atəşkəsi poza və ya diversiya hücumu təşkil edə bilər. Beləcə, Azərbaycan Ordusunu öz ərazisinə çəkib, burada döyüşmək istəyər. Bununla Ermənistan həm PUA əleyhinə vasitələrlə PUA, dron hücumlarımızın qarşısını almaq, həm də müdafiə müharibəsi ilə daha çox itki verdirmək planlaşdıra bilər. Paraleldə isə prosesi beynəlxalq müstəviyə daşıyıb, Azərbaycanı işğalçı kimi göstərməyə çalışar.
Əlbəttə ki, Azərbaycan Ermənistanın nə etmək istədiyinin fərqindədir. Ümumiyyətlə, Bakı yeni müharibədə maraqlı deyil: buna görə də son ana qədər təmkinli, səbirli davranması gözləniləndir. İrəvanın təxribatlarına lokal cavab verilməsi də mümkündür. Lakin Ermənistan gərginliyi genişləndirərsə, Bakı özünümüdafiə prinsipi və 10 noyabr bəyanatının icrası əsasında dəhlizin açılmasını, sülhü təmin edə bilər".
Türkan Kərimli