Troya savaşı- Truva atı

Bölmə: Maraqlı › ,
Tarix: 22:15 25.04.2025

Hər şey Homeros adlı bir ozanın yazdığı dastanla başladı...

Yazılı ənənənin olmadığı bir dövrdə yaradılmış bu dastan, sirli bir şəhərin və 500 il əvvəl baş vermiş bir savaşın hekayəsini nəql edir – on il davam edən və nəticədə bir mədəniyyəti tamamilə yox edən məşhur Troya müharibəsini.

 

Bu savaş, tanrıların və qəhrəman döyüşçülərin iştirak etdiyi bir əfsanə olmaqla yanaşı, qədim yunanların döyüşləri, dini inancları, adət-ənənələri və qarşılıqlı münasibətləri haqqında fikir verən ən zəngin mənbələrdən biri hesab olunur.

 

Döyüş bir çox maraqlı hadisələri əhatə edir. Məsələn, Axillesin Troyalılara kömək edən Efiopiya kralı Memnon və Amazon döyüşçüsü Penthesileya ilə döyüşərək onları öldürməsi. Hətta deyilirdi ki, Axilles gözəl Amazonu nizəsi ilə öldürdüyü anda ona aşiq olmuşdu. Lakin Axilles də taleyindən qaça bilmədi – Apollonun rəhbərliyi altında Parisin atdığı ox onun yeganə zəif nöqtəsi olan topuğuna dəydi və nəticədə o, həyatını itirdi.

 

Yunanlara Olimpiya tanrılarının bir çoxu, o cümlədən Afina, Poseidon, Hera, Hefest, Hermes və Tetida birbaşa və ya dolayı yollarla kömək etdilər. Troya düzənliklərində döyüşənlər arasında tanrıların sevimliləri var idi. Onlar tez-tez nizələri sapdırır, hətta döyüşün qızğın vaxtında həmin qəhrəmanları təhlükədən uzaqlaşdıraraq qoruyurdular.

 

Ancaq həlledici və son akt – taxta at hiyləsi idi. Afinadan ilham alan Odissey, bir qrup döyüşçünü Troya divarlarının içinə salmaq üçün ağıllı bir plan qurdu. Yunanlar gün batımında yelkən açıb geri çəkildilər və içərisində bir qrup döyüşçü gizlənmiş nəhəng taxta atı Troyalılara guya hədiyyə olaraq buraxdılar. Troyalıları buna inandırmaq üçün isə Sinon adlı bir adam geridə qalıb, yunanların təslim olduqları və bu atı tanrılara hədiyyə olaraq qoyub getdikləri barədə uydurma bir hekayə danışdı.

 

Troyalılar atı şəhərə daxil etdilər. Lakin gecə, sərxoş halda qələbələrini qeyd edərkən, atın içində gizlənmiş yunanlar çıxıb şəhər qapılarını geri dönmüş yunan ordusuna açdılar. Beləliklə, Troya talan edildi – şəhər yandırıldı, insanlar ya öldürüldü, ya da əsir alındı. Helen isə geri Argosa qaytarıldı. Troya qəhrəmanlarından yalnız Aeneas canını qurtarıb İtaliyaya qaçaraq orada yeni bir həyat qurdu.

 

Amma bu qələbənin də böyük bir bədəl vardı. Troyanı və onun sakinlərini amansızcasına talan etmələri, xüsusilə də Kassandraya qarşı törədilən zorakılıq kimi həddən artıq qəddar və hörmətsiz davranışlarına görə tanrılar yunanları cəzalandırdılar. Onların gəmiləri tufanlarla darmadağın edildi və çoxu uzun, məşəqqətli bir geri dönüş yoluna məhkum oldu. Vətənlərinə dönə bilən az sayda yunan da orada daha çox bədbəxtlik və fəlakətlə qarşılaşdı.

 

Fatimə Şahverdiyeva