Ukraynaya yardım azaldılıb

Tarix: 22:26 28.04.2025
BMT-nin Qaçqınlar üzrə Agentliyi, cəbhə xəttinə yaxın ərazilərdən təxliyə edilən ukraynalılara göstərilən humanitar yardımı azaldıb. ABŞ-nin dəstəyi ilə həyata keçirilən bəzi proqramlar isə dayandırılıb.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ də yardım proqramlarını dayandırmaq niyyətindədir:
BMT-nin humanitar yardımlarını azaltmasının əsas səbəbləri nədir?
“ Hazırda qərb ölkələri və ayrıca olaraq BMT-də Ukraynaya dəstəyin azaldığını biz müşahidə etməkdəyik. Bu, növbəti dəfə sübut edir ki, Qərb Ukraynanı sadəcə olaraq özlərinin geosiyasi rəqibi olan Rusiyaya qarşı bir plastarum kimi istifadə etdi. Yəni, bugün biz diqqət yetirsək, görərik ki, müxtəlif Avropa ölkələrində də etiraz aksiyaları keçirilməkdədir. İnsanlar ölkələrinin rəhbərlərindən tələb edirlər ki, Ukraynaya artıq dəstəyi dayandırsınlar. Çünki bu dəstəyi göstərən ölkələr sözsüz ki, müəyyən nəticələrə hesablanmış addımlar atırdı. Lakin bütün bunlar uğursuz oldu. Yəni bu, hesab edirəm ki geosiyasi bir eksperiment idi, uğursuzluğa düçar oldu. Ona görə də bu eksperimenti dayandırmaq istəyirlər. BMT-nin Qaçqınlar üzrə Agentliyi humanitar yardımı ona görə azaldır ki, orada əsas söz sahibi ABŞ-dir. ABŞ-nin mövqeyi nədən ibarətdir? ABŞ-nin prezidenti Donald Tramp tez bir zamanda münaqişənin sona çatmasını istəyir. Seçki öncəsi verdiyi əsas vədlərdən biri də məhz bundan ibarət idi. Ona görə də hərtərəfli addımlar atmaqla tərəfləri münaqişəni dayandırmağa sövq etmək istəyirlər. Əsas cəhdlər məhz bundan ibarətdir”,- deyə politoloq qeyd edib.
ABŞ-nin yardım proqramlarını dayandırmasının arxasında hansı səbəblər dayanır?
“Və müvafiq olaraq ABŞ də yardım proqramlarını dayandırmaq niyyətindədir. Ümumiyyətlə, Ukraynaya hərbi yardımı əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Hətta xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl Zelenski ABŞ-dən 50 milyard civarında silah-sursat almaq istəsə də, ABŞ buna razılıq verməmişdir. Bu baxımdan artıq hesab edirəm ki, Qərbin, bütövlükdə ABŞ-nin rəhbərliyi altında, yeni bir qərarı mövcud olmaqdadır. Düzdür, Avropa İttifaqın ölkələri Ukraynaya müəyyən dəstək mesajları ötürür və mövqelərini nümayiş etdirirlər. Amma hesab edirəm ki, bunun arxasında real heç nə dayanmayacaqdır. Sonuncu olaraq Böyük Britaniya Ukraynaya kredit şəklində yardım göstərdi. Onun da əvəzi Rusiyanın dondurulmuş aktivlərindən əldə olunacaq gəlirlər hesabına ödəniləcəkdir. Yəni artıq Ukraynaya qarşılıqsız yardım göstərməkdə heç kim maraqlı deyil. Biz bunu açıq şəkildə görürük. Başlanğıcda bunu fərqli tərzdə təqdim etməyə çalışsalar da, aydın görünən reallıq ondan ibarətdir ki, Qərb Ukraynanı sadəcə olaraq geosiyasi rəqibə qarşı istifadə etdi. Bu gün də görünür artıq nəticəyə çatılmadığına görə bu istiqamət əvvəlkidək perspektivli görünmür. Ona görə də hərtərəfli Ukraynaya olan dəstək məhdudlaşdırılır. Hesab edirəm ki, bunun arxasında dayanan əsas məqamlar məhz bundan ibarətdir. Yenə də biz görürük ki, ABŞ əsas təmaslarını Rusiya ilə qurur. Artıq Oitkov yenə də Moskvada Rusiya prezidenti ilə 3 saatlıq görüş keçirdi. Tərəflər görüşün nəticələrini konstruksiv hesab edir. Düzdür, Tramp Rusiya ilə bağlı iradlarını bildirir. Bildirir ki, görünür, Rusiya tərəfi müharibəni dayandırmaq istəmir. Amma ümumilikdə hesab edirəm ki, ABŞ ilə Rusiya arasında bir dialoq mühiti formalaşıbdır, kommunikasiya kanalları açıqdır. Və hesab edirəm ki, ABŞ-İran arasındakı danışıqlar da ABŞ-Rusiya münasibətlərinin normallaşdırılması ilə bağlı həyata keçirilən danışıqlar ilə paralellik təşkil etməkdədir.
Bu isə bütövlükdə dünyada yeni geosiyasi konfiqurasiyanın formalaşdığının göstəricisidir. Bu yeni konfiqurasiyanın əsas müəllifləri rolunda ABŞ və Rusiya çıxış edirlər.
Ona görə hesab edirəm ki, artıq Ukrayna arxa plana keçir. Avropa İttifaqı da bu proseslərə çox da təsir etmək imkanında deyil. Böyük Britaniyanın Baş naziri Kir Starmerin dəfələrlə təkrarladığı kimi, ABŞ olmadan hər hansı bir təhlükəsizlik məsələlərini həll etmək mümkün olmayacaq. Yəni Kir Starmer ona işarə edir ki, gec-tez Avropa da ABŞ-nin mövqeyi ilə razılaşmalı olacaqdır. Çünki ABŞ olmadan onlar Ukrayna istiqamətində hər hansı bir nəticəyə yönəlik addım atmaq iqtidarında olmayacaqlar və bunu artıq özləri də dərk etməkdədirlər. Hesab edirəm ki, Avropanın müxtəlif ölkələrində, xüsusilə Almaniyada və Fransada əhalinin keçirdiyi etiraz aksiyaları məhz onu göstərir ki, artıq Avropanın aparıcı ölkələri, yəni əsas dayaqları, Ukraynaya əvvəlki dəstəyi nümayiş etdirmək imkanında və niyyətində deyillər. Hətta Almaniyada etirazçılar deyirlər ki, əgər belədirsə, onda Ukrayna Almaniyanın 17-ci federal torpağı elan olunsun. Almaniyanın 16 federal torpağı var və Ukraynaya göstərilən dəstək o qədər güclü olub ki, sanki Almaniya öz ərazisinə dəstək verirmiş kimi görünür. Ona görə də etirazçılar belə bir analogiya aparırlar. Bu baxımdan düşünürəm ki, hazırkı proseslər heç də Ukraynanın, Qərbi Avropanın xeyrinə deyil. Bu tendensiya belə davam edəcəkdir. Proseslərin əsas yönəldicisi isə ABŞ və Rusiya olmağa davam edir”,- deyə politoloq vurğulayıb.
Səyyarə Mirzəyeva