ABŞ İrana nüvə silahı ilə zərbə endirə bilər

Tarix: 18:20 20.06.2025
Sosial şəbəkədə “Foks Nyus”un jurnalisti Jak Henrix Ağ Ev rəsmisinə istinadən məlumat yayıb ki, Amerika Birləşmiş Ştatları İranın Fordo obyektinə zərbələr endirmək üçün taktiki nüvə silahından istifadə edilməsini istisna etmir.
Bildirilib ki, Amerika hərbçiləri Fordonu məhv etmək üçün sözügedən silahların effektivliyinə şübhə etmirlər.
Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, indiki mərhələdə ABŞ-nin İrana qarşı nüvə silahından istifadə etməsi ehtimalı çox aşağıdır:
“Doğrudur, Amerika dünyada atom bombasından istifadə edən ilk və yeganə ölkədir. 1945-ci ildə Yaponiyanın iki şəhərinə atılan atom bombasını dünya unutmayıb. Amma indiki mərhələdə İrana qarşı nüvə silahından istifadə edilməsi ehtimalı olduqca aşağıdır. Çünki dünya da 1945-ci ilə qədərki, dünya deyil. Artıq nüvə silahına sahib olan ölkələrin sayı 1945-ci ildəki kimi deyil. O vaxt Amerika tək idi. İndi isə belə deyil. Unutmayaq ki, ən çox nüvə başlıqlı bu silaha sahib dövlət də İranın ən yaxın mütəffiqi sayılan Rusiyadır. Bu sahədə şimal qonşumuz ABŞ-dən də öndədir. Əvvəlcə, Kreml buna imkan verməz. Digər tərəfdən bir faktı da unutmayaq ki, qardaş Türkiyə ordusuna görə NATO da Birləşmiş Ştatlardan sonra ikinci sıradadır. Rəsmi Ankaranın isə bu savaşdakı mövqeyi hamıya məlumdur. Yəni Türkiyə də bu məsələdə Amerika qarşısında “yaşıl işıq” yandırmaz. Çin faktorunu da yaddan çıxarmayaq. Pekin Tehrana da yaxın sayılır və bu məsələyə müsbət yanaşmaz. Digər tərəfdən, heç bir bölgə ölkəsi, Azərbaycan daxil bunu istəmir. Amerika isə bu regionda təsirini artırmaq istəyir. Bunun üçün də nüvə silahından istifadə ilə regionda nüfuz qaldırmaq olmaz. İstənilən nüvə silahına sahib ölkə bu silahdan istifadəyə əl atarsa, bu, III dünya müharibəsinin başlanması demək olar. Dünya da bunu istəyirmi? Xeyr”.
Siyasi şərhçi sona qədər Amerikanın bu savaşa İsrail tərəfindən qoşulmayacağı ilə bağlı fikirlərində israrlıdır:
“İsrail bu məsələni unutmasın ki, “gözü çıxmış qardaş” göz önündədir, yəni Ukrayna. Rusiya Ukraynaya girəndə də bu fikirlər səslənirdi. Nəticə ortadadır. Bu gedişlə İsrail də Kiyevin gününə düşə bilər. Doğrudur, İsrail Amerika üçün Ukrayna deyil. Amma unutmayaq ki, sonda daim kiçiklər qurban verilir. Açığı, bu müharibənin genişmiqyaslı olacağını da düşünmürəm. İsrail-İran arasında başlayıb, elə bu iki ölkə arasında da bitəcək. Heç uzunmüddətli müharibə də olmayacaq. Sadəcə Amerika istədiyini almaq istəyir. Ukrayna vasitəsilə müəyyən qədər Rusiyadan aldı, indi də İsrail vasitəsilə İrandan almaq istəyir. Bir sözlə “ayının min oyunu bir armudun başındadır”.
Lalə Qurbanlı