ABŞ İranın nüvə obyektlərinə zərbələri təkrarlaya bilər-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 15:38 26.06.2025

Trampın sözlərinə görə, rəsmi Tehran özünün zənginləşdirilmiş materiallarına giriş imkanı verməsə, zərbələr təkrarlanacaq.

 

Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan "İnformator.az"a bildirib ki, ABŞ, İsrail və İran rəsmilərinin açıqlamasına əsasən tərəflər qarşılarına qoyulan hədəflərin, edilən hücumların öhdəsindən gələ biliblər və buna görə də yeni hücumların bərpası ehtimalı azdır:

 


"Yeni hücumlar başlayacağı təqdirdə sual yaranır. Əgər yeni hücumlar yaranarsa mahiyyət və keyfiyyət cəhətdən yeni hadisələrlə nəticələnə bilər. Yaxın günlərdə əməliyyatların başlaması ehtimalı azdır. Təbii ki, hücumlar başlayarsa regionda yeni münaqişənin yaranması ehtimalı da az olacaq. Amma Tehran hakimiyyəti münaqişənin miqyasını genişləndirməyə cəhd göstərər. Ancaq İsrail, ABŞ və İran münasibətlərində region ölkələri daha çox təmkin göstərir və tərəflərin aralarında olan problemlərin diplomatik danışıqlar yolu ilə həlli istiqamətində bəyanatlar verirlər. ABŞ bəyan edir ki, İranla birbaşa canlı danışıqlar aparmağa tərəfdardır. Odur ki, indiki gərginliyin aradan qalxmasının əsas aləti danışıqlardır. Problemlərin hərbi yolla həlli qlobal səviyyədə problemlər yaradır və vəziyyəti daha da gərginləşdirir. Odur ki, diplomatik yolla həll daha real görünür".

 

Həmçinin politoloq əlavə edib ki, BMT və digər beynəlxalq təşkilatlar bu tip məsələlərin həllində daha az əhəmiyyət kəsb edir:

 

"Biz BMT-nin gücünü və nüfuzunu Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu dövrdə görmüşük. Bundan başqa BMT-nin Fələstinlə bağlı çoxsaylı qətnamələri var. Eləcə də İranının nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Buna görə də BMT və digər beynəlxalq təşkilatların bu məsələdə rolu sadəcə açıqlamalar və bəyənatlar verməkdən ibarətdir".


Fatimə Heydərova