Ukrayna–Rusiya müharibəsi: diplomatik təşəbbüslər nə üçün nəticə vermir?

Tarix: 15:47 26.06.2025
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp NATO-nun Haaqa sammiti çərçivəsində Ukraynada atəşkəs rejimini müzakirə ediblər.
Bu barədə Zelenski “Telegram” kanalında yazıb:
“Prezident Trampla uzun və mənalı görüş. Biz həqiqətən vacib olan bütün məsələləri əhatə etdik. Cənab Prezidentə və ABŞ-yə təşəkkür edirəm. Atəşkəs və real sülhə necə nail olmaq barədə danışdıq”, – deyə Zelenski qeyd edib.
Mövzu ilə bağlı "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna müharibəsi ətrafında hazırda olduqca mürəkkəb situasiya yaranıb:
“Həm Ukrayna, həm də Rusiya müharibəni davam etdirməkdə çətinlik çəkir. Eyni zamanda sülh prosesi üzrə hər hansı razılaşma imkanları da getdikcə məhdudlaşır. Yəni nə hərb, nə də sülh yolu bu gün reallaşır.
Atəşkəs ehtimalı kifayət qədər yüksək olsa da, Rusiyanın mövqeyi buna ciddi şəkildə maneə törədir. Çünki Rusiya nə Qərbin, nə də Ukraynanın mövqeyini nəzərə alır. Əksinə, Kreml yalnız öz şərtlərini ön plana çəkərək həm Qərbi, həm də Ukraynanı bu şərtlərlə razılaşmağa məcbur etməyə çalışır. Məhz buna görə də atəşkəslə bağlı keçirilən görüşlərin heç biri real nəticə verməyib.
Böyük ehtimalla bu vəziyyət bir müddət də davam edəcək. Təbii ki, müzakirələrin aparılması hər halda irəliləyiş sayıla bilər. Yəni savaşla müqayisədə danışıqlar daha pozitiv istiqamətdir. Lakin Kreml Rusiyanın şərtlərindən kənar heç bir atəşkəs və ya sülh razılaşmasına yaxın durmaq istəmir. Bu baxımdan sülh prosesinin yaxın vaxtlarda nəticə verəcəyinə inanmaq çətindir.
O ki qaldı atəşkəs danışıqlarının NATO çərçivəsində aparılmasına, Kremlin belə bir varianta razı olacağı inandırıcı görünmür. Çünki Kreml indiyə qədər yalnız Tramp administrasiyasının vasitəçiliyi ilə Ukrayna ilə danışıqlara razılaşıb. Üstəlik, həmin danışıqlarda Ukrayna tərəfi birbaşa iştirak etməyib — yalnız ABŞ və Rusiya arasında müharibənin dayandırılması ilə bağlı müzakirələr aparılıb. Bu isə olduqca məntiqsiz və nəticəsiz qalmış ssenaridir.
Daha sonra Kreml formal şəkildə danışıqlar prosesini gündəmdə saxlamaq üçün İstanbul görüşlərinin keçirilməsinə nail olub. Türkiyənin təşəbbüsü ilə Ukrayna və Rusiya arasında təşkil edilən bu görüşlər də Kremlin maksimalist və neo-imperialist şərtləri səbəbilə iflasa uğrayıb. Heç bir nəticə əldə olunmayıb".
Politoloq əlavə edib ki, bu məsələnin NATO çərçivəsinə keçirilməsinə yönələn cəhdlər də nəticəsiz qalacaq:
“Kreml heç bir halda bu yanaşma ilə razılaşmayıb və razılaşacaq kimi də görünmür. Çünki Rusiya NATO-nu qlobal düşmən statusunda qəbul edir. Kreml hesab edir ki, Rusiyanın tarixində böyük rol oynaya biləcək belə bir müharibənin NATO çərçivəsində müzakirə edilməsinə imkan vermək olmaz.
Üstəlik, nəzərə almaq lazımdır ki, Rusiya son dövrlər ümumiyyətlə Ukrayna ilə üçüncü tərəfin vasitəçiliyi olmadan müzakirələr aparmağa üstünlük verir. Kreml düşünür ki, birbaşa təmaslarla Kiyevə daha ciddi təzyiqlər göstərərək onu öz şərtlərini qəbul etməyə məcbur etmək mümkündür. Bu səbəbdən Rusiya nə ABŞ-nin, nə də digər Qərb siyasi dairələrinin bu prosesdə iştirakını istəyir. Böyük ehtimalla, NATO çərçivəsində Ukrayna müharibəsi ilə bağlı atəşkəs müzakirələrinin aparılmasına da imkan verməyəcək".
Aytən Ağazadə