Rusiya-Ukrayna müharibəsi uzanacaq-Siyasi şərhçi

Bölmə: Siyasət › ,
Tarix: 17:22 26.06.2025

Son günlər NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlamalar beynəlxalq medianın diqqətini bir daha Rusiya-Ukrayna münaqişəsinə yönəldib. Tramp münaqişəni “insanların təsəvvür edə biləcəyindən daha mürəkkəb” adlandırmaqla yanaşı, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmağı planlaşdırdığını bildirib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Trampın bu cür bəyanatları təsadüfi deyil və həm siyasi, həm də şəxsi maraqlara əsaslanır:


“Tramp bu münaqişəni mürəkkəb adlandırmaqla əslində əvvəlki vədini yerinə yetirə bilməməsinə bəhanə gətirir. Xatırladaq ki, o, hakimiyyətə gəlməmişdən əvvəl müharibəni ‘iki-üç günə bitirəcəyini’ deyib. Bu baş vermədikdə isə belə ritorikaya üstünlük verir. Ancaq qəbul etmək lazımdır ki, Tramp biznesmen təfəkkürünə malik siyasətçidir və bu yanaşma onu digər liderlərdən fərqləndirir. İranla qarşıdurmanın qarşısını alması da buna misaldır”.


Siyasi şərhçi hesab edir ki, Tramp həqiqətən də münaqişəni bitirə bilərdi, lakin bu, əsasən Avropa ölkələrinin prosesə münasibətindən asılıdır:


“Trampın dövründə kollektiv Qərb anlayışı parçalanıb. ABŞ ilə Avropa arasında fərqli mövqelər mövcuddur. Avropa müharibənin uzanmasında maraqlıdır, çünki Rusiya psixoloji üstünlük qazansa, bu, Avropa üçün təhdid deməkdir. Xüsusilə də Rusiya ilə sərhəddə yerləşən ölkələr, o cümlədən Balkan dövlətləri bu riskləri daha yaxından hiss edir”.


Kənan Novruzov bildirib ki, hazırkı geosiyasi reallıqlar fonunda ABŞ-nin neytral vasitəçi kimi çıxış etməsi real görünmür:


“ABŞ-nin neytral vasitəçi kimi çıxış etməsi inandırıcı deyil. Ümumiyyətlə, vasitəçilik anlayışı ölkələrin maraqları kontekstində formalaşır. Maraqlar üst-üstə düşmürsə, vasitəçilik real nəticə vermir. Bu mənada ABŞ-nin hansısa neytral mövqedən çıxış etməsi gözlənilən deyil”.


Siyasi şərhçinin fikrincə, müharibə yaxın zamanlarda başa çatmayacaq və hətta Ukraynada siyasi dəyişikliklər də mümkündür:


“Düşünürəm ki, müharibə hələ uzun müddət davam edəcək. Zelenski sülhə gedəcək lider deyil və Ukrayna cəmiyyətində də bu mövzuya müqavimət var. Sonda bəlkə də əvvəlcə hakimiyyət dəyişəcək, daha sonra mümkün razılaşmalar gündəmə gələcək”.


Solmaz Muradova