Tramp "Amerikanın səsi" radiostansiyasının fəaliyyətini tənqid edib

Tarix: 17:26 26.06.2025
ABŞ-nin prezidenti Donald Tramp “Amerikanın səsi” radiostansiyasını kəskin şəkildə tənqid edərək, onun fəaliyyətini “demokratların ruporu” adlandırıb və bağlanmasını tələb edib.
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Trampın "Amerikanın səsi" radiosu ilə bağlı səsləndirdiyi bu fikirlər təəccüblü deyil və gözlənilən idi:
"Tramp hakimiyyətə gəlişindən dərhal sonra ABŞ-dən beynəlxalq müstəvidə fəaliyyət göstərən həm media sturukturlarının, həm vətəndaş cəmiyyəti strukturlarının fəaliyyətini məhdudlaşdırmaq istiqamətində addım atıb. Biz bunu xüsusən, USAİD-in timsalında daha aydın gördük. USAİD, əslində, bu fəaliyyətdə əsas katalizator rolunu oyanayır. Yəni, ABŞ-nin beynəlxalq müstəvidə fəaliyyət göstərən təşkilatlarının, strukturlarının həm maliyyə, həm də fəaliyyət istiqamətləri baxımından koordinasiya nöqtəsidir. USAİD-in fəaliyyətinin məhdudlaşması ilə Tramp Admistrasiyasının bir növ bu prosesdən imtina etdiyi görünür. Təbii ki, burada əsas məsələ həm media azadlığı məsələsində, həm demokratik dəyərlərin qorunması məsələsində zəifləməsi müşahidə edilir. Çünki bu dəyərlər illərdir ki, ABŞ höküməti tərəfindən qorunur və əsas dəyər kimi qəbul edilir. Lakin artıq ABŞ-də yanaşma dəyişib. Bu yanaşma təkcə Trampın fərdi yanaşmasından qaynaqlanmır, ABŞ başda olmaqla, bütün dünyada Liberallarla, Mühafizəkarlar arasında mübarizədən də qaynaqlanır. Biz ABŞ-də bu mübarizəni Respublikaçılarla Demokratların timsalında görürük. Əslində arxa fonda sol Liberal cəbhəsi ilə Mühafizəkar, yəni daha çox milli mövqedən çıxış edən tərəfin mübarizəsi kimi baxa bilərik. Bu da faktiki olaraq, ABŞ-də hakimiyyətdə Respublikaçılar, yəni Mühafizəkarlar olduğu üçün Demokratların timsalında sol Liberal cəbhəsinin mövqeyinin zəifləməsindən qaynaqlanır. Görünür, Tramp Admistrasiyası başqa ölkələrə qarşı alət kimi isifadə etdikləri media azadlığı, demokratik dəyərlərdən imtima edir. İndiki dövrdə bu dünya üçün bir az təhlükəli və riskli proses kimi görünsə də, əslində məsələyə fərqli tərəfdən də baxmaq olar. Bu alətlərdən imtina edərək, beynəlxalq münasibətlər sistemini yenidən dizayn etdilər. Bu proses təkcə mənfi yox, müsbət tərəfdən də baxmaq olar. Beynəlxalq münasibətlər sistemində daha normal münasibətlər qurula bilər. Xüsusən, ölkələrin daxili işlərinə qarşıması məsələsi aradan qalxa bilər. Ümumilikdə baxdıqda isə bütün bu proseslərə yeni dünya nizamının qurulmasının tərkib hissəsi kimi baxmaq olar. İkinci dünya müharibəsində qurulmuş, Soyuq müharibədən sonra daha aktiv mərhələ keçən hazırkı mövcud nizam dəyişir. Bu həm siyasi, həm də iqtisadi müstəvidə görünür. Bu dəyişiklik dəyərlər prinsipinə də təsir edir. Artıq bu dəyərlərin arxa plana keçməsi də müşahidə edilir. ABŞ burada baza rolunu oynadığı üçün bu ölkədə prinsiplərin dəyişməsi bütün dünyada dəyişikliklərə səbəb olacaq. Birdən-birə media azadlığı, demokratik dəyərlərin arxa fona keçməsi xaos vəziyyətinin yaranmasına gətirib çıxara bilər. Bu prosesin hələ başlanğıcıdır. Köhnə münasibətlər sisteminin dəyişməsi, yenilərinin qurulmasına qədər biz bu cür mübarizəni daha açıq-aydın görünəcək".
Billurə Quliyeva