Sülh sazişinin imzalanacağına ümid edilib

Tarix: 18:23 26.06.2025
Moskva regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Ümid edirik ki, bu iş (sülh sazişinin imzalanması) yekunlaşdırılacaq", - o qeyd edib. D. Peskovun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişi regionda sabitlik və təhlükəsizlik mühiti üçün zəruridir. "Öz tərəfimizdən bu prosesə töhfə vermək üçün mümkün olan hər şeyi etməyə hazırıq", - o əlavə edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Vaqif Hüseyn bildirib ki, sülh sazişlərinin imzalanma yeri və məkanı olduqca önəmlidir:
"Çünki bu, həmin dövlətə əlavə prestij qazandırıb. Ona sülh prosesi ilə bağlı arbitr rolunu verib. Bununla belə, o, həmin ərazidəki prosesləri nəzarətdə saxlaya bilib. Rusiya üçün Azərbaycan və Ermənistan arasında imzalanması planlanan sülh sazişinin məhz Moskvanın himayəsi altında imzalanması olduqca vacibdir. Rusiya üçün bu, həyati önəm kəsb edən məsələdir. Digər ölkələrin də bu sazişdə çox ciddi maraqları var. Çünki saziş hansı ölkənin vasitəçiliyi ilə imzalanacaqsa, o güc də bu ərazidə əsas söz sahiblərindən birinə çevriləcəkdir".
Aygün Babayeva