Trampın Putinə münasibətində sərtləşmə müşahidə olunur

Tarix: 19:18 26.06.2025
ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Ukrayna lideri Zelenski ilə görüşdən sonra onu “çox xoş insan” adlandırıb və Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt mövqe sərgiləyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Trampın Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməsi daha çox görüntü xarakteri daşıyır:
"Bildiyimiz kimi, ABŞ-də prezident seçkiləri ərəfəsində namizəd olan Donald Tramp dəfələrlə bəyan edirdi ki, Rusiya ilə Ukrayna arasındakı müharibəni qısa zamanda dayandıra bilər. Təbii ki, bu bəyanatlar əsasən kütləyə yönəlmiş və populist xarakter daşıyırdı. Trampın əsas məqsədi seçkilərdə qalib gəlmək idi və buna görə də çox vaxt populist ritorikaya üstünlük verirdi. Bu isə siyasətdə tez-tez rast gəlinən bir haldır. Bununla belə, Tramp seçkiqabağı səsləndirdiyi fikirlərə uyğun addımlar atmaq niyyətində idi. O, Rusiya ilə ABŞ arasında dialoq qurmağa nail oldu. Fikrimizcə, bu dialoq bu gün də davam edir. Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında bir neçə dəfə telefon danışığı olub və hər iki tərəf bu danışıqları müsbət qiymətləndirib. Maraqlıdır ki, bu danışıqlardan sonra tərəflər bir-biri haqqında mənfi fikirlər səsləndirməyiblər.Hesab edirəm ki, Tramp bu gün də öz imicinə oynamaqda davam edir. Əslində, Tramp Rusiya-Ukrayna münaqişəsini sona çatdırmaq istiqamətində təsirli bir addım ata bilmədi. Görünən odur ki, o, Rusiyanın şərtlərinə qarşı açıq şəkildə mövqe ortaya qoymadı. Ukrayna bu şərtləri qəbuledilməz saysa da, Tramp buna qarşı konkret bir etiraz bildirmədi. Sadəcə bir neçə dəfə qeyd etdi ki, Putin "hər şeyi istəyir". Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidentinin çıxışında Ukraynanın əvvəlki sərhədlərinə qayıtmasının mümkün olmadığı vurğulandı. Bu isə onu göstərirdi ki, ABŞ müəyyən mənada Rusiyanın yaratdığı reallıqları qəbul edir və eyni mövqeyi Avropa liderlərinə də tövsiyə edirdi".
Həmçinin müsahib Trampın sərt ritorikaya keçdiyinin səbəbini də vurğulayıb:
"Trampın əvvəlki ritorikasından fərqli olaraq, artıq Rusiyaya diktə edə bilməyəcəyini dərk etdiyini düşünürəm. Rusiya güclü dövlətdir və ona müəyyən şərtlərin qəbul etdiriləcəyini gözləmək reallıqdan uzaqdır. Tramp bu yeni reallığı qəbul edərək diplomatik vasitələrə üstünlük verməyə çalışdı. Lakin Rusiyanın öz mövqeyində israrlı olduğunu gördükdə, o da daha sərt ritorikaya keçdi. İkinci vacib səbəb isə ABŞ-də yenidən elektoral prosesin başlamasıdır. ABŞ-də seçki prosesi praktiki olaraq fasiləsiz şəkildə davam edir. Tramp isə ölkə daxilində ona qarşı formalaşan təpkilərdən ehtiyat edir. Nə qədər soyuqqanlı görünməyə çalışsa da, daxili narazılıqlar onu narahat edir.Digər tərəfdən Tramp Avropa ilə də münasibətləri qorumağa çalışır. Lakin Rusiya ilə apardığı silsilə danışıqlardan sonra ABŞ və Avropa arasında müəyyən gərginliyin yarandığı görünür. ABŞ-nin Avropa üzərindəki təsir imkanları Avropanın müstəqil manevr etmək imkanlarını məhdudlaşdırsa da, Tramp bu münasibətlərdən dolayı narahatdır.Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Trampın Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməsi daha çox görüntü xarakteri daşıyır və müəyyən siyasi hədəflərə hesablanmış addımdır".
Qəmər Kazımzadə