Rusiya ilə savaş olsa, 1 həftəyə darmadağın olacağıq

Bölmə: Siyasət › ,
Tarix: 19:22 26.06.2025

Rusiya ilə Litva arasında müharibə olacağı təqdirdə Baltikyanı ölkənin ordusu bir həftəyə məhv ediləcək, bu barədə Polşanın “Rzeczpospolita” nəşrinə litvalı politoloq Sarunas Likis deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, daxilən daim bir "Rusiya təhlükəsi" qorxusu mövcuddur:

 

"Baltik ölkələri, ümumilikdə, hər zaman Avropa stilinə uyğun siyasi xətt yürütməyə çalışıblar. Lakin daxilən daim bir "Rusiya təhlükəsi" qorxusu mövcuddur. Həmişə ehtimal edilir ki, Rusiya hücum edəcək və bu təhlükə reallaşa bilər. Halbuki, yaxın günlərdə Rusiya Prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda açıq şəkildə bildirdi ki, Rusiya heç bir ölkəyə hücum etmək niyyətində deyil. Dünən isə ABŞ-nin sabiq prezidenti Donald Tramp Haaqada keçirilən NATO sammitində bəyan etdi ki, o, təminat verir: Rusiya NATO və ya Avropa ölkələrinə hücum etməyəcək. Bu kimi bəyanatlara baxmayaraq, Avropada süni şəkildə "daxili düşmən" obrazı yaradılır. Məqsəd – iqtisadi və hərbi cəhətdən zəifləyən Avropanın hərbi gücünü artırmaqdır. Sammitdə NATO ölkələrinin ümumi daxili məhsulunun 5%-ə qədərinin hərbi sənayeyə ayrılması qərara alındı. Bu plan 2035-ci ilə qədər mərhələli şəkildə həyata keçiriləcək. Təbii ki, bu qərar sosial proqramların maliyyələşdirilməsinə mənfi təsir göstərəcək. Mətbuat yazır ki, bu addımlar Trampın təzyiqi altında atılıb. Hətta qeyd olunur ki, Avropa liderləri sammitdə sanki Trampın vasitəçiləri kimi davranıblar. Əslində isə onların bir çoxu daxilən bu qərarla razı deyildilər. Lakin xalqı inandırmaq üçün yenidən "Rusiya təhlükəsi" mövzusu qabardılır. Ən çox da bu cəhdi Baltik ölkələri göstərir".

 

Həmçinin müsahib Rusiyanın hərbi potensialını da vurğulayıb:

 

"Bəzi Avropa ölkələrinin iddialarına görə, "biz bir həftəyə məhv olarıq". Lakin reallıqda Rusiyanın hərbi potensialı – istər əsgər sayı, istərsə də zabit heyəti baxımından – Avropa ölkələrindən qat-qat üstündür. İkinci Dünya Müharibəsindən sonra Avropa uzun müddət hərbi siyasətdən kənarda qaldı. Amma Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya iqtisadiyyatını hərbiləşdirdi və bu da onun gücünü artırdı. Avropa isə bu güc qarşısında narahatlıq hiss edir. Avropa ölkələri hərbi güclərini artırmaq üçün sosial-iqtisadi proqramları yenidən nəzərdən keçirirlər. Bu da əlavə resurs tələb edir. Ona görə də, Ukrayna müharibəsinin uzanmasında Avropanın maraqlı olduğu da istisna deyil. Çünki bu onlara zaman qazandırır və hərbi imkanlarını inkişaf etdirməyə şərait yaradır. Eyni zamanda, xalq qarşısında müharibəni əsaslandırmaq üçün "müdafiə zərurəti" fikri irəli sürülür. 2035-ci ilə qədər hərbi xərclərin artırılması isə Avropa üçün asan məsələ deyil. Həmin qərarı bu günkə liderlər qəbul etsə də, on il sonra onların bir çoxu artıq hakimiyyətdə olmayacaq. Gələcəkdə hakimiyyətə gələcək şəxslərin hansı siyasəti yürüdəcəyi isə zamanla məlum olacaq".


Qəmər Kazımzadə