Çinlə imzaladıq, bu ölkə ilə də böyük saziş olacaq -Tramp

Tarix: 21:01 27.06.2025
ABŞ 25 iyunda Çinlə yeni ticarət razılaşması imzalayıb və tezliklə Hindistanla da oxşar bir saziş bağlayacağına ümid edir.Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Bizim qarşımızda əla sazişlər var. Hindistanla da bir saziş baş tuta bilər. Çox böyük bir saziş. Biz Hindistanı Amerika biznesi üçün açacağıq.Biz bütün ölkələrlə saziş bağlamayacağıq. Bəzilərinə sadəcə məktub göndərəcəyik və bildirəcəyik ki, onlar 25%, 35%, 45% ödəyəcəklər”, – deyə Tramp qeyd edib.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki,əslində, Birləşmiş Ştatlarla Çin arasında iqtisadi müstəvidə gərgin münasibətlərin davam etdirilməsinin kökündə dünya bazarları ilə bağlı rəqabət dayanır və Çin hazırda bu istiqamətdə Birləşmiş Ştatları üstələyir:
“Bu səbəbdən Tramp üçün prioritet məsələ Çinlə iqtisadi savaşın davam etdirilməsi və Pekini müəyyən güzəştlərə məcbur etməkdir.Hesab edirəm ki, bu istiqamətdə Birləşmiş Ştatlar tərəfindən müəyyən təzyiqlərin baş verdiyi müşahidə olunur. Xüsusilə tarif siyasətinin əsas mahiyyəti də məhz bu məsələyə bağlı olub.Amma mən düşünmürəm ki, Çin Birləşmiş Ştatlarla mübarizə kontekstində ciddi güzəştlərə getməyə hazırdır.Bununla yanaşı, Birləşmiş Ştatların Çinlə və Hindistanla münasibətlərində ciddi fərqlər mövcuddur. Vaşinqton Hindistanla münasibətləri inkişaf etdirmək və xüsusilə hərbi sahədə əməkdaşlıq perspektivlərini genişləndirməklə əslində Çinə qarşı bir təhdid formalaşdırmağa çalışır”.
Eyni zamanda, Hindistanla ticarət əlaqələrini gücləndirməklə və bu ölkəyə dəstək verməklə ABŞ, Hindistanı dünya iqtisadiyyatında Çinə qarşı alternativ bir qüvvə kimi formalaşdırmağa səy göstərir.Hesab edirəm ki, Pakistanla Hindistan arasında münaqişənin baş verməsinin arxa planında da bu strategiya dayanır. Pakistanın Hindistan üzərində ciddi üstünlük əldə etməsi ABŞ-nin Hindistanla həm hərbi, həm də digər istiqamətlərdə əməkdaşlıq perspektivlərini dərinləşdirməsinə səbəb ola bilər.Bu isə o deməkdir ki, Hindistanla Birləşmiş Ştatlar arasındakı münasibətlərin inkişafının kökündə məhz Çinə qarşı mübarizə dayanır.
Təbii ki, Trampın istər məktubları, istərsə də sosial şəbəkələr üzərindən dünya iqtisadiyyatı ilə bağlı verdiyi mesajlar müəyyən təsir gücünə malikdir.
Əli Zülfüqaroğlu əlavə edib ki,Tramp qlobal güc olaraq Birləşmiş Ştatlara rəhbərlik etdiyi üçün onun qərarları dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər.
Hesab edirəm ki, Birləşmiş Ştatların Hindistanla əməkdaşlıq perspektivlərini inkişaf etdirməsi Hindistan üçün də faydalı ola bilər.Ancaq bu əməkdaşlıq çərçivəsində ABŞ-nin Hindistandan xüsusilə Çinə qarşı istifadə etməyə çalışacağı da istisna deyil.Bu isə onu deməyə əsas verir ki, bölgədə kifayət qədər gərgin bir mərhələnin başlanması mümkündür”.
Mahmudlu Ləman