Azərbaycanın ASAN xidmət təcrübəsi Ruandaya nümunə olur

Tarix: 19:57 30.06.2025
Azərbaycanın innovativ dövlət xidmətləri modeli olan ASAN xidmətin uğuru beynəlxalq səviyyədə maraq doğurmağa davam edir. Ruanda ilə imzalanan anlaşma memorandumu çərçivəsində bu modelin həmin ölkədə də tətbiqinə başlanacaq. Bu əməkdaşlıq Azərbaycanın rəqəmsal idarəçilik sahəsində əldə etdiyi təcrübənin digər ölkələrlə bölüşdürülməsi baxımından mühüm addım hesab olunur.
Bu mövzu ilə bağlı açıqlamasında Politoloq Turan Rzayev "İnformator.az"a bildirib ki, ASAN xidmət modeli, Azərbaycan üçün dövlət idarəçiliyində şəffaflıq, səmərəlilik və vətəndaş məmnuniyyəti baxımından böyük dönüş yaradıb:
"Bu təcrübənin Ruandada tətbiqi isə yalnız dövlət xidmətlərinin rəqəmsallaşdırılması və sadələşdirilməsi ilə məhdudlaşmayacaq, həm də iki ölkə arasında institusional əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq.
Ruanda kimi inkişaf edən bir ölkə üçün ASAN xidmətin tətbiqi dövlət qurumlarının fəaliyyətində şəffaflığı artıracaq, korrupsiyanın qarşısını almağa kömək edəcək və vətəndaşların dövlət orqanlarına çıxışını asanlaşdıracaq. Bu isə Ruandanın idarəetmə sistemində inkişafa, dövlət və vətəndaş arasında etimadın möhkəmlənməsinə səbəb olacaq.
Digər tərəfdən, belə əməkdaşlıq Azərbaycan və Ruanda arasında təcrübə mübadiləsi, texnoloji transfer və insan resurslarının inkişafı sahəsində qarşılıqlı faydalı münasibətlərin qurulmasına şərait yaradacaq. İki ölkə arasında rəqəmsal transformasiya və idarəçilik sahəsində dialoq genişlənəcək, nəticədə regional və beynəlxalq səviyyədə möhkəm tərəfdaşlıq formalaşa bilər.
ASAN xidmətin Ruandada tətbiqi Azərbaycanın beynəlxalq səhnədə idarəçilik və dövlət xidmətləri sahəsində nümunəvi təcrübə kimi tanınması deməkdir. Bu, Azərbaycanın rəqəmsal idarəçilik və innovasiya sahəsində əldə etdiyi uğurların beynəlxalq səviyyədə qəbul olunması və təqdir edilməsi anlamına gəlir.
Belə təşəbbüslər Azərbaycanın qabaqcıl dövlət modeli kimi beynəlxalq arenada mövqeyini gücləndirir. Bu, xarici investisiyaların cəlb olunmasına, ölkənin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə və diplomatik əlaqələrinin dərinləşməsinə şərait yaradır.
Bundan əlavə, Azərbaycanın təcrübəsini digər ölkələrlə paylaşması həm regional, həm də qlobal səviyyədə idarəçilik və inkişaf sahəsində nüfuzunun artmasına gətirib çıxarır. Bu, ölkənin innovasiya mərkəzi kimi tanınmasına, həmçinin digər dövlətlərin rəqəmsal transformasiyasında lider rolunu oynamasına imkan verir".
Xəlilli Nigar