Vadeful gözlənilmədən Kiyevə səfər edib

Bölmə: Siyasət › ,
Tarix: 20:17 30.06.2025

 

Almaniyanın xarici işlər naziri Yohan Vadeful elan olunmamış səfərlə Kiyevə gəlib.Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.“Almaniya hakimiyyəti bütün diqqətini Ukraynaya yönəldəcək, Kiyevi müasir hava hücumundan müdafiə sistemləri və digər silahlar, humanitar və iqtisadi yardımlar şəklində dəstəkləməyə davam edəcək”, - Vadeful səfəri çərçivəsində bildirib.Qeyd edək ki, XİN başçısını Almaniyanın müdafiə sənayesinin nümayəndələri müşayiət edir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki,bu günlərdə Almaniya rəsmilərinin Kiyevə səfəri ilk deyil:

 

“Əvvəllər də, məsələn, Almaniyanın müdafiə naziri Pistorius və digər yüksək səviyyəli hökumət nümayəndələri elan edilməmiş səfərlərlə Ukraynaya baş çəkiblər. Bu səfərlərə yalnız ayrı-ayrılıqda deyil, ümumi bir siyasi kontekst çərçivəsində baxmaq vacibdir. Belə yanaşma qərb blokunun bütövlükdə maraqlarını və regional təhlükəsizlik prioritetlərini nəzərə almağa imkan verir.
ABŞ-də Donald Tramp prezidentliyinin ilk günlərindən Rusiya ilə daha çevik və dialoqa açıq siyasət yürütməyə çalışıb. O, Vladimir Putinə geniş siyasi meydan tanıdı və qarşılığında həm ABŞ-nin, həm də Rusiyanın maraqlarını nəzərə alan, Kiyevin də tamamilə kənarda qalmadığı bir razılaşma modelini təklif edib. Lakin zaman göstərib ki, Moskva bu addımı qarşılıqlı əməkdaşlıq üçün deyil, öz strateji məqsədləri naminə fürsət kimi dəyərləndirib.
Nəticə etibarilə, Tramp administrasiyası dövründə Ukrayna diplomatik masada tək buraxılıb. Bu, yalnız beynəlxalq aləmdə Zelenskinin nüfuzuna zərbə vurmaqla kifayətlənməyib, həm də Rusiyaya hərbi təşəbbüsü ələ almağa imkan yaratdı. Tramp dövründə Ukrayna tərəfi ABŞ-lə mineral resurslara dair mühüm razılaşmalara imza atsa da, Rusiya bu müddətdə vaxt qazandı, ordusunu yenidən təşkil etdi və bir sıra əraziləri işğal edib.

 

Joe Biden administrasiyası dövründə Ukrayna daha ciddi və ardıcıl dəstək gördü. Amma Tramp dönəmində ABŞ-nin qeyri-müəyyən və tərəddüdlü siyasəti Qərbin Ukraynaya olan yanaşmasında boşluqlar yaratdı. Bu da nəticədə meydanda üstünlüyün Rusiyaya keçməsinə şərait yaradıb.


Moskva bu zəifliyi Qərbin iradəsinin qırılması kimi yozub. Tramp seçiləndə Rusiyada keçirilən bayramlar bir daha göstərdi ki, Kremlin gözləntisi ABŞ-nin Ukraynadan çəkilməsi, münaqişənin diplomatik yolla deyil, faktiki nəticələr üzərindən həll olunması olub.


Amma zamanla Tramp administrasiyası da anlayıb ki, Rusiya ilə kompromisə gəlmək mümkün deyil. Çünki Rusiya dövləti ideoloji və şovinist dayaqlar üzərində qurulub. O, yalnız diktə etmək və qarşısındakını əzmək üçün mövcuddur. Nəticədə ABŞ administrasiyası bu siyasətin yanlış olduğunu dərk etdi və Putinə qarşı daha sərt mövqe tutmağa başlayıb.


Hazırda müşahidə olunur ki, Tramp komandası bir növ Biden dövrünün siyasətinə qayıtmaq niyyətindədir. Yaxın zamanda yeni sanksiyaların tətbiqi, hərbi yardımın gücləndirilməsi və müttəfiqlərlə koordinasiyalı dəstəyin artırılması gözlənilir. Bütün bunlar ABŞ-nin regional maraqları ilə birbaşa bağlıdır. Çünki həm Rusiya, həm də Çin – xüsusilə İsrail-İran qarşıdurmasında Çinin tutduğu mövqe – ABŞ üçün strateji təhlükə kimi qiymətləndirilir.


Belə bir vəziyyətdə Almaniya da öz maraqları kontekstində Ukraynaya dəstəyini artırır. Almaniya üçün Ukraynanın məğlubiyyəti regional təhlükəsizlik və siyasi nüfuz baxımından ciddi nəticələr doğura bilər. Xüsusilə, Almaniyanın tarixi – Nasist rejiminin süqutundan sonra iki yerə bölünməsi və Şərqi Almaniyanın Sovet təsiri altına keçməsi – bu məsələyə onların daha həssas yanaşmasına səbəb olur.

 

Siyasi şərhçi əlavə edib ki, hazırda Almaniyanın səfərlərində yalnız siyasi deyil, hərbi mütəxəssislərin iştirakı da təsadüfi deyil:

 

“Bu, Ukraynanın real hərbi ehtiyaclarının yerində dəyərləndirilməsi məqsədi daşıyır.Müdafiə sənayesi nümayəndələrinin Kiyevə səfəri, Ukrayna tərəfi ilə aparılan texniki müzakirələr Almaniyanın dəstəyini təkcə siyasi bəyanatlar səviyyəsində deyil, praktiki hərbi sahəyə keçirmək istədiyini göstərir.


Almaniyanın təkbaşına göstərəcəyi hərbi dəstəyin meydandakı vəziyyəti tam dəyişəcəyi hələ sual altındadır. Rusiya hərbi güc baxımından dünyanın aparıcı qüvvələrindən biridir. Amma Almaniyanın müasir texnoloji silah sistemləri, xüsusilə raket sistemləri döyüşün istiqamətini dəyişməyə kömək edə bilər. Əgər bu dəstək yalnız simvolik səviyyədə olarsa, dəyişikliklər məhdud qalacaq. Lakin real, effektiv və hədəfə yönəlmiş yardım göstərilərsə, bu, Ukraynanın mövqelərinin möhkəmlənməsinə və Rusiyanın irəliləyişinin qarşısının alınmasına səbəb ola bilər.
Bu mənzərədə Almaniya, ABŞ və digər müttəfiqlər bir daha anlayırlar ki, Ukraynanın müqaviməti yalnız Kiyevin deyil, bütövlükdə Avropanın gələcəyidir”.

Mahmudlu Ləman