Hüququn "təhlükəli pozuntusu"

Bölmə: Siyasət › ,
Tarix: 20:24 30.06.2025

 

Belarus, İranın nüvə obyektlərinə endirilən zərbələri beynəlxalq hüququn müddəalarının ən təhlükəli pozuntusu hesab edir. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında bildirib.

"İranın AEBA-nın nəzarəti altında olan nüvə obyektələrinə endirilən zərbələr Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni və 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn müddəalarını ən təhlükəli şəkildə pozub. Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan ən çox zərər çəkmiş ölkə olan Belarusda belə hərəkətlərin oyatdığı hisslərdən heç danışmayacağam. O zaman radioaktiv çöküntülər hətta Böyük Britaniya, Almaniya və İsveçdə belə qeydə alınıb. Yəqin düşünürlər ki, bu, indi onlara təsir etməyəcək — xüsusilə də belə əməllər törədən ölkəyə", – Lukaşenko qeyd edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İran–İsrail müharibəsi zamanı İranın nüvə obyektələrinə zərbə endirilməsi dəqiq olsa da, zənnimcə, tam sıradan çıxarılması dəqiq deyil:

 

"Tam məhv etməklə bağlı İsrail və ABŞ açıqlamalar versələr də, bu, tam təsdiq demək deyil. Son sözü AEBA mütəxəssisləri deyə bilərdi, o da tam araşdırma və müşahidələrdən sonra. İran isə bu təşkilata üzvlükdən imtina edib. Hətta İran tərəfindən müəyyən açıqlamalar var ki, nüvə ilə bağlı əhəmiyyətli dərəcədə İrana zərbə vura bilməyiblər.

Zərbələr nəticəsində sızma və mümkün təhlükə ilə bağlı hələ ki, ciddi problemlərin olduğu qeyd olunmur. İranın münasibətindən belə çıxır ki, zərbələr onların nüvə potensialını məhv etməyib və davam edəcəklər. Yaxud digər mülahizələrə görə, İran zənginləşdirilmiş 400 kq həcmində nüvəni ölkədən çıxarıb. Bu ölkələr də Çin və ya Rusiya ola bilər.

Hər bir halda nüvə ehtiyatına endirilən zərbələr odla oynamaq kimidir, region ölkələrinə də təhlükə yaradıb. Ancaq zərərsizləşdirmə zamanı regional təhlükəsizlik nəzərə alınmalıdır, beynəlxalq təşkilatların münasibəti diqqətə alınmalıdır. Hesab edirəm ki, İranın nüvə məsələsi indi daha təhlükəli məsələyə çevrilib. Çünki əvvəllər sərbəst şəkildə zənginləşdirmə davam edirdisə, müəyyən qədər beynəlxalq təşkilatların nəzarəti vardısa, indi artıq bu yoxdur. Ona görə də gizli şəkildə ediləcək və beynəlxalq təşkilatların nəzarəti olmayacaq.

Ümumiyyətlə, nüvə silahından dünyanın imtina etməsi üzərində ciddi işlənilməlidir.

AEBA öncə dəqiqləşdirmə aparmalıdır: İranda nüvə ehtiyatı qalıbmı, yoxsa tam məhv edilib? Kənara çıxarılıbsa, bu hansı ölkə ilə əlaqədar baş verib? İsrailin hücumlarının qarşısını bu təşkilatın alması ağlabatan deyil. Əgər yenə lazım bilsə, bombalaya bilər. Əgər nüvə məhsullarının İranda qaldığını və gizli olaraq zənginləşdirməyə davam edəcəyini düşünsək, İsrailin də kəşfiyyat vasitəsilə onun yerini müəyyən edib yenidən zərbələr endirəcəyini ehtimal etsək, şübhəsiz ki, bu həm region, həm də dünya üçün ciddi təhlükə yarada bilər.

Ümumiyyətlə, bu problemlə bağlı beynəlxalq təşkilatlar ciddi şəkildə hərəkətə keçməlidir.

 

Aygün Babayeva