Rusiyadan Azərbaycanla bağlı açıqlama

Tarix: 20:30 30.06.2025
Rusiya çoxlarının məhv etməyə çalışdığı Azərbaycanla dostluq münasibətlərini saxlamağın yollarını tapacaq.
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
“Düşünürəm ki, bu məsələ həllini tapacaq. Biz hər şeyi yoluna qoymalıyıq. Əminəm ki, biz çoxlarının bəzən məhv etməyə çalışdığı dostluq münasibətlərimizi qoruyub saxlamağın yollarını tapacağıq və bunun üçün səbəb axtaracağıq”, - Çepa bildirib.
Mövzu ilə bağlı “Novoe vremya” qəzetinin baş redaktoru, siyasi şərhçi, Şakir Ağayev “İnformator.az”a açıqlamasında bildirib ki, sözsüz ki, bu açıqlamada kənardakı qüvvələr nəzərdə tutulur – regiondan kənarda maraqları olan qüvvələr:
“İstisna deyil ki, istər Rusiyada, istərsə də digər ölkələrdə elə qüvvələr var ki, Azərbaycan–Rusiya münasibətlərinin yaxşılaşmasını yox, əksinə, daha da pisləşməsini istəyirlər.
Amma nəzərə almaq lazımdır ki, Rusiya özü də müəyyən rol oynamalıdır ki, vəziyyət daha da kəskinləşməsin.Vəziyyətin ilkin soyuması ötən ilin dekabrında baş verən təyyarə qəzasından sonra başlayıb. Bildiyiniz kimi, Rusiya səmasında Azərbaycan aviaşirkəti “AZAL” a məxsus təyyarə vurulub. Hadisədən sonra Azərbaycan bəzi şərtlər irəli sürüb, lakin bu tələblər hələ də yerinə yetirilməyib. İndi açıqlanır ki, dekabrda bu məsələyə dair tədqiqat nəticələri veriləcək. Azərbaycan isə gözləyir ki, bu qərar ədalətli olacaq və həmin qərara uyğun olaraq tələblər yerinə yetiriləcək.Bu hadisədən sonra münasibətlərdə müəyyən sakitlik müşahidə olunsa da, son dövrlər – xüsusilə Yekaterinburqda bir neçə gün əvvəl baş verən hadisələr – vəziyyətin yenidən gərginləşməsinə səbəb olub. Azərbaycan tərəfi Rusiya vətəndaşı olsalar belə, Azərbaycan kökənli şəxslərə qarşı zorakılıq hallarına etiraz edib”.
Şakir Ağayev əlavə edib ki, bugünkü məlumatlara görə, Rusiya İstintaq İdarəsi bu işi öz üzərinə götürüb və hadisə mərkəzi səviyyədə araşdırılır:
“Zorakılığa məruz qalan şəxslərlə bağlı tədqiqatlara başlanılıb. Bu, haradasa, müsbət haldır və Azərbaycanın tələb etdiyi reaksiyaya cavab verir.Eyni zamanda, Rusiyanın ombudsmeni baş prokurora müraciət edərək, hadisələrin ədalətli araşdırılmasını istəyib. Bildirilib ki, zorakılıq edən hüquq-mühafizə əməkdaşları da məsuliyyətə cəlb edilməlidir.Bu siqnallar onu göstərir ki, Rusiya tərəfi münasibətlərin düzəlməsində maraqlıdır. Həmçinin, Peskovun bu gün verdiyi açıqlamada da görünür ki, Rusiya Azərbaycanla dostluq münasibətlərinin qorunub saxlanılmasını və inkişafını istəyir.
Bütün bu məsələlərə nəzər salsaq, ümid edə bilərik ki, Azərbaycanın irəli sürdüyü tələblərə baxılacaq və onlara ədalətli cavab veriləcək. Mən artıq bu münasibətlərə yönələn təhdidləri sadaladım. Əgər bu təhdidlər aradan qaldırılarsa, münasibətlər normal məcrasına qayıda bilər.
Azərbaycan hər zaman bütün qonşularla dostluq münasibətləri saxlamaq istəyir – istər İran, istər Gürcüstan, hətta 30 il işğalda saxlayan Ermənistanla belə sülh sazişi imzalamaq niyyətindədir. Bu, Azərbaycanın regionda əməkdaşlıq tərəfdarı olduğunu göstərir.Ümid edək ki, bu soyuqluq aradan qalxacaq və münasibətlərin pozulmasında maraqlı olan qüvvələr öz məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan–Rusiya münasibətləri isə öz təbii məcrasına qayıdacaq”.
Mahmudlu Ləman