İran AEBA ilə əməkdaşlığı dayandırır-ŞƏRH

Tarix: 21:20 30.06.2025
İran Konstitusiyasının Keşikçilər Şurası Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığa son qoymaq üçün parlamentin qəbul etdiyi qanun layihəsini təsdiqləyib.
Mövzu ilə bağlı “İnformator.az” a politoloq Aytən Qurbanova bildirir ki, İranın Konstitusiyanın Keşikçilər Şurası vasitəsilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığa son qoyan qanun layihəsini təsdiqləməsi kifayət qədər geniş müzakirələrə səbəb olan önəmli addımdır:
“Bu addımın beynəlxalq hüquqa uyğunluğu ilə bağlı müzakirələrlə yanaşı onun Orta Şərqdəki təhlükəsizlik arxitekturasına mümkün təsirləri, BMT ilə münasibətlərin gələcəyi və İran iqtisadiyyatının perspektivləri ən çox təhlil edilən məsələlərdir. İlk olaraq onu qeyd etmək lazımdır ki, İran hələ də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvüdür. Lakin AEBA ilə əməkdaşlığı dayandırmaq bu müqavilənin əsas prinsiplərinə, yəni şəffaflıq və beynəlxalq yoxlamalar üçün açıq olmaq öhdəliyinə tamamilə ziddir. Ona görə də, İran rəsmiləri bu qərarın milli suverenlik və təhlükəsizlik nöqteyi-nəzərindən zəruri olduğunu iddia etsələr də, beynəlxalq ictimaiyyət bunu NPT-nin “məqsəd və prinsiplərinin pozulması” kimi dəyərləndirə bilər. Bu isə təbii olaraq İrana münasibətdə kifayət qədər zəif olan diplomatik etimadı daha da sarsıda bilər”.
Həmçinin şərhçi qeyd edib ki, İranın AEBA-nın nəzarətindən çıxması birmənalı şəkildə regional təhlükəsizlik balansını dəyişə bilər:
“Xüsusilə də, Səudiyyə Ərəbistanı, Türkiyə, İsrail kimi regional güc mərkəzləri üçün rəsmi Tehranın atdığı bu addımlar ciddi təhlükə kimi qəbul edilə bilər. Belə ki, Səudiyyə rəsmilərinin dəfələrlə verdiyi bəyanatlar aydın şəkildə göstərir ki, İran nüvə silahını əldə etmək iddiasından imtina etməsə, Ər-Riyad da eyni istiqamətdə hərəkət etməyə hazırdır. Bu isə Orta Şərqdə silahlanma yarışının başlaması və nüvə böhranının qlobal miqyas alması təhlükəsini kifayət qədər artıra bilər. Digər tərəfdən isə AEBA ilə əməkdaşlığın dayandırılması qarşılıqlı olaraq BMT sistemində İran əleyhinə yeni qərarların qəbulu üçün zəmin yarada bilər. Kollektiv Qərb, xüsusilə də ABŞ, Böyük Britaniya və Fransa kimi aparıcı dövlətlər bu addımı İranın beynəlxalq qaydalara meydan oxuması kimi dəyərləndirə və beləliklə də, Təhlükəsizlik Şurasında yeni sanksiyaların tətbiqini təşviq edə bilərlər. İranın əsas strateji tərəfdaşları olan Çin və Rusiyanın rəsmi Tehranı bu mövqedən çəkindirməyə cəhdləri isə bir qədər şərti xarakter daşıya bilər. Düşünürəm ki, İranın BMT ilə münasibətləri yeni bir diplomatik qarşıdurma mərhələsinə qədəm qoya bilər. Nəticə etibarilə, İranın AEBA ilə əməkdaşlığa son qoyması nəinki nüvə proqramına dair şəffaflığın azalmasına, eləcə də regionda gərginliyin artmasına səbəb ola bilər. Bu addım diplomatik yolların qarşısında yeni maneə olmaqla yanaşı, hərbi və iqtisadi qarşıdurmaların güclənməsi ehtimalını daha çox artırır”.
Aysel Mirzəyeva