Rusiya ilə bütün mədəni tədbirlər ləğv olunur-ŞƏRH

Tarix: 21:33 30.06.2025
Azərbaycan Mədəniyyət Nazirliyi Yekaterinburqda azərbaycanlılara qarşı hüquq-mühafizə orqanlarının zorakılığı və bu kimi halların artması ilə əlaqədar Rusiya ilə planlaşdırılan bütün mədəniyyət tədbirlərini – konsert, festival, tamaşa, sərgi və digər layihələri – ləğv etdiyini açıqlayıb.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya bu qərara cavab verməyə və ya özünü müdafiə etməyə çalışacaq, lakin reallıq fərqlidir:
“Hücuma məhz Rusiya başlayıb. Yekaterinburqda baş verən hadisələr və Rusiya rəsmilərinin Azərbaycana qarşı ritorikası bunu göstərir. Çoxları bu hadisələrdən xəbərsizdir. Bir müddət əvvəl Yekaterinburqda yayımlanan videosüjetdə yerli sakinlər azərbaycanlılara qarşı narazılıqlarını ifadə edirdilər. Bildirilirdi ki, guya onlar gecələr səs-küy salır, qeyri-qanuni fəaliyyətlə məşğul olurlar. Bu, əslində, ictimai fikri yönləndirmək və hücumlara zəmin yaratmaq məqsədi daşıyırdı. Rusiyada son zamanlar ksenofob tendensiyalar güclənib. Müharibənin əvvəlində qeyri-rus xalqlara, xüsusilə Qafqaz və Sibir bölgələrindən olanlara ehtiyac vardı. Əsgər sıralarına ən çox Dağıstan, Çeçenistan, Yakutiya kimi regionlardan insan cəlb olunurdu. İndi isə vəziyyət dəyişib – Rusiya müharibədə irəliləyir və artıq bu xalqlara əvvəlki qədər ehtiyac duymur. Belə olan halda isə yenidən ksenofob siyasət gündəmə gətirilir".
Şərhçi qeyd edib ki, bu cür hallar təkcə bu günə aid deyil:
“Rusiya heç vaxt ‘xalqlar dostluğu’ ideyasına sadiq olmayıb – nə çar dövründə, nə sovet vaxtında, nə də indiki hakimiyyətin dövründə. Tarix boyu Rusiya ‘xalqlar həbsxanası’ kimi fəaliyyət göstərib və bu gün Azərbaycana qarşı tətbiq olunan siyasət də bunun növbəti nümunəsidir".
Ayşən Səlimova