İsrail-İran atəşkəsindən sonra bilbord-Bölgəyə yeni mesaj?

Bölmə: Siyasət › ,
Tarix: 21:45 30.06.2025

Son illər Yaxın Şərqdə siyasi xəritəni yenidən cızmağa çalışan proseslərdən biri də İbrahim anlaşmasıdır. Tarixdə bəlkə də ilk dəfədir ki, uzun illər boyu İsraili rəqib və hətta düşmən kimi görən ərəb ölkələri bu ölkə ilə münasibətləri normallaşdırmağa qərar veriblər.

 

Bu kontekstdə, xüsusilə İsrail-İran atəşkəsindən dərhal sonra regionda bir bilbordun ortaya çıxması diqqətdən yayınmadı. Bu bilbord bir təsadüf yox, əksinə, bölgədəki yeni siyasi düzənə dair güclü mesajdır. İsrailin Yaxın və Orta Şərqdə öz mövqeyini gücləndirmə cəhdlərinin, İranı regiondakı əsas təhlükə kimi göstərməsinin və ərəb ölkələrini öz tərəfinə çəkmə siyasətinin vizual simvolu kimi də dəyərləndirilə bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki,İbrahim anlaşması Trampın birinci Prezidentlik dönəmində ortaya çıxıb:

 

“Bunların arasında Bəhreyn,BƏƏ,Sudan və digərləri olmaqla münasibətlər normallaşıb.Bunun əsas mahiyyəti ondan ibarətdir ki,İbrahim peyğəmbər həm yəhudilərin,həm də ərəblərin babası sayılır.Məhz bu anlaşma da oradan götürülüb.Bu anlaşmaya qoşulan ölkələr İsraillə münasibətləri normallaşdırırlar,onu dövlət olaraq tanıyırlar və münasibətlər inkişaf edir”.

 

Siyasi şərhçi qeyd edib ki,bu bilbordun ortaya çıxması təsadüfi sayıla bilməz:

 

“İsrail hesab edir ki,Yaxın və Orta Şərqdə vəziyyəti gərginləşdirən əsas qüvvə İrandır.İsrail iki ilə yaxındır ki,İranla dolayısıyla və bu yaxınlarda birbaşa savaşa girib və qarşısına qoyduğu hədəflərin bir hissəsinə çatıb.Yəni Hizbullah ,Həmas ciddi şəkildə zəiflədilib.İraq və Yəməndəki qüvvələr zəiflədilib.Onlar İsrailə təhdid yaradacaq səviyyədən aşağıda qalıblar.İranın strateji hərbi obyektlərinə zərbələrin endirilməsi,İran hərbi rəhbərliyinin əhəmiyyətli hissəsinin sıradan çıxarılması İrana ciddi şəkildə vurulan zərbələrdən biridir.

 

Hazırda Trampın əsas niyyətlərindən biri Yaxın və Orta Şərqi yenidən dizayn etmək və orada təhlükəsizlik təhdidlərini aradan qaldırmaq,eləcə də Amerikanın düşündüyü hərəkətsizlik arxitekturasını qurmaqdan ibarətdir.Bundan sonrakı dönəmdə mümkün qədər çalışılacaq ki,bu sazişə qoşulmayan digər ölkələr də İbrahim sazişinə qoşulsun və İsraillə münasibətlərini normallaşdırsın

 

Hesab edirəm ki,Azərbaycan qeyri-rəsmi formada bu sazişə qoşulub.Azərbaycan İsraili dövlət olaraq tanıyır.İsraillə bizim diplomatik münasibətlərimizin göstəricilərindən biri də səfirliyimizin açılmasıdır.Azərbaycanın əsas tərəfdaşlarından biri statusunda İsrail dövlətidir.Bizim bir çox istiqamətlərdə İsarillə geniş əməkdaşlığımız var.Bu da İbrahim anlaşmasına rəsmi olmasa da,qoşulma anlamına gəlir.Hesab edirəm ki,buna Azərbaycanın qoşulması həm Azərbaycan,həm də İsrailin maraqlarına uyğun olacaq”.

 

Səkinəbəyim Cəfərova