Tezliklə Rusiyaya 18-ci sankiya paketi tətbiq ediləcək

Tarix: 16:43 04.07.2025
Avropa İttifaqının Rusiyaya qarşı növbəti 18-ci sanksiya paketi Aİ-nin Slovakiyaya enerji məsələsində lazımi təminat verməsindən sonra tezliklə qəbul oluna bilər.
Mövzu ilə bağlı “İnformator.az” a politoloq Züriyə Qarayeva bildirir ki, Avropa İttifaqı Slovakiyanın enerji tədarükü ilə bağlı təminat alacağı halda Rusiyaya qarşı 18-ci sanksiya paketini tezliklə qəbul etməyə hazırlaşır:
“Bu paket enerjiyə, banklara və hərbi təchizat zəncirinə əlavə məhdudiyyətlər, eləcə də daha sərt qiymət tavanları və bəzi Rusiya banklarının SWIFT sistemindən çıxarılmasını nəzərdə tutur. Bununla Aİ-nin Rusiyaya qarşı ardıcıl sanksiyalar seriyası davam edir, lakin əvvəlki 17 paket də Kremlin siyasətində ciddi dönüş yaratmayıb. Əgər bu paket də nəticə verməzsə, Aİ-nin alternativ strategiyalara keçməsi qaçılmaz ola bilər. İki əsas xətt görünür: birincisi, üçüncü ölkələrə qarşı ikincil sanksiyalar tətbiq etməklə Rusiya ilə dolayı iqtisadi əlaqələri boğmaq. ikincisi isə mərhələli və şərti yumşalmalar təklif etməklə müəyyən diplomatik imkanlar yaratmaq. Bu yanaşma həm təsiri artırmaq, həm də siyasi manevr sahəsi açmaq məqsədi daşıyır”.
Həmçinin şərhçi qeyd edib ki, Rusiya isə növbəti paketə cavab olaraq həm simvolik, həm də praktik əks-addımlar ata bilər:
“Əvvəla, Avropa ölkələrinin nüvə enerjisi sahəsindəki asılılığını əsas gətirərək Rosatom vasitəsilə təzyiq imkanlarını genişləndirə bilər. Eyni zamanda, seçilmiş Avropa dövlətlərindən olan mallara embarqo tətbiq etmək, hava məkanından istifadəyə əlavə ödənişlər qoymaq və ya diplomatik nümayəndəliklərin fəaliyyətini məhdudlaşdırmaq kimi addımlar gözləniləndir. Enerji qiymətlərinin dəyişdirilməsi və tədarükdə texniki fasilələr də bu siyahıya daxil ola bilər. Bu proseslərin fonunda Aİ-nin neytral vasitəçi imicinə zərbə dəyəcəyi ehtimalı da mövcuddur. Xüsusilə Qlobal Cənub ölkələri Aİ-ni getdikcə daha çox birbaşa tərəf kimi qiymətləndirir. Bu da Aİ-nin beynəlxalq vasitəçilik imkanlarını zəiflədə, yeni diplomatik təşəbbüslərdə təsirini azalda bilər. Bunu önləmək üçün Aİ-nin balanslaşdırılmış ritorika və humanitar fokuslu yanaşma ilə beynəlxalq ictimaiyyət qarşısında reputasiya tarazlığını qoruması zəruridir”.
Aysel Mirzəyeva