Cənubi Qafqazda Rusiya narahatlığı

Tarix: 18:20 14.07.2025
Kremlə yaxın “Svobodnaya pressa” Cənubi Qafqazda Azərbaycanın NATO ilə yaxınlaşması və Türkiyə hərbi bazasının yaradılmasını Rusiyanın təhlükəsizliyi üçün təhdid hesab edir. Gürcüstandakı sabitlik pozuntuları və Ermənistanda anti-Rusiya meylləri də Moskvanı narahat edir.
Məsələ ilə bağlı politoloq Vaqif Hüseyn "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya- Azərbaycan münasibətlərində gərginlik yaradan faktorlar əsasən analitik şərhlərlə izah olunur, amma ortada aydın bir gərginliyin olduğu görünür:
"Burada əsas məsələ Rusiyanın Cənubi Qafqaz siyasətində narahatlıq keçirməsidir, yəni bu regiondakı bəzi dəyişikliklərdən, oradakı bir çox təsir rıçaqlarının əldən çıxması qorxusundan narahatdır və bunu bir şəkildə ifadə edir. Rusiya sanki keçmiş tarixindəki vəziyyətə hər cür vasitələrlə nəzarət etmək haqqının özünə aid olduğunu hesab edir və buna görə də belə vəziyyətlər ortaya çıxır. Bunun başqa bir tərəfi isə Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsi məsələsidir. Hər bir dövlət öz müstəqilliyini və azadlığını qorumaq üçün diplomatik və ya hərbi vasitələrdən istifadə etmək hüququna malikdir. Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik haqqında saziş mövcuddur və bu sənəddə tərəflərin bir-birinə hansı vəziyyətlərdə dəstək göstərəcəyi açıq şəkildə qeyd olunub. Təbii ki, Azərbaycan öz dövlət müstəqilliyini və varlığını qorumaq üçün istədiyi dövlətlə müttəfiqlik əlaqələri qura bilər. Burada qeyri-adi və ya hüquqa zidd heç nə yoxdur. Əksinə, Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik bir çox dövlətlərin, xüsusilə Rusiyanın, müəyyən planlarının həyata keçməsinə mane olur. Rusiya siyasətində bu mövzular arasında ziddiyyətlər var və bəzən suallar da bir-birinə qarışır. Rusiyanın əsas rəqibi Qərbdir. Bu gün Rusiya yalnız Qərblə, xüsusilə Ukrayna müharibəsində Qərbin dəstəyi ilə döyüşür. Rusiya bu müharibəni artıq 2007-ci ildə, Münhen Təhlükəsizlik Konfransındakı çıxışında elan etmişdi və həmin vaxtdan siyasətində bu istiqamətdə dəyişikliklər aparır".
Gülhüseynova Güllər