Qrem-Kiyevə silah tədarükü rekord həddə çata bilər

Bölmə: Siyasət › ,
Tarix: 21:17 14.07.2025

 

Qərbin Ukraynaya silah tədarükünün sürəti və həcmi yaxın gələcəkdə rekord həddə çata bilər.
Bunu ABŞ senatoru Lindsi Qrem CBS-yə müsahibəsində deyib.

 

“Gözləyirəm ki, yaxın günlərdə siz Ukraynaya özünü müdafiə etmək üçün rekord səviyyədə silah tədarükünü görəcəksiniz. Yaxın günlərdə prezident Trampın əvvəllər onun üçün mövcud olmayan sanksiyalar və tariflər tətbiq etmək imkanı əldə edəcəyini gözləyirəm”, - o bildirib.

 

Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsinin müəlliflərindən biri olan senatorun sözlərinə görə, məhdudiyyətlər ilk növbədə Çin, Hindistan və Braziliyaya tətbiq oluna bilər.

 

Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, senator Qremin verdiyi bu məlumat və açıqlama daha çox təzyiq xarakteri daşıyır:

“Yəni bu bilərəkdən verilmiş mesajdır ki, Rusiya ən azından onu hansı aqibətin gözlədiyini anlayaraq baş verənləri ciddi qəbul etsin. Çünki bilirsiniz ki, Donald Trampın verdiyi vədlərə, seçki prosesi və seçki ilə bağlı davranışlarına baxmayaraq, hələ də Rusiyanın ucbatından Ukrayna cəbhəsində atəşkəs baş tutmayıb.Bu baxımdan artıq Trampın ənənəvi siyasətindən imtina edilməsinin başlanğıc mərhələsini müşahidə edirik. Yəni, biz yenidən güc yolu ilə sülh siyasətinə, bu prinsipə qayıdışı hiss edirik. Əvvəlcə bu informasiya səviyyəsində edilir. Hər hansı ciddi şəkildə Rusiyanın davranışlarında, hücumlarında, Ukraynada bombardman proseslərində geri dönüş, yaxud atəşkəslə bağlı konkret razılaşma olmasa, əlbəttə, güc tətbiqi ilə Rusiyanı sülhə məcbur etmək istəyəcəklər. Bu, klassik, ənənəvi bir siyasətdir və bunu da senator Qremin dili ilə Rusiyanın diqqətinə çatdırmaq istəyirlər.


Hələlik hansı silahların veriləcəyi bəlli deyil. Sadəcə ritorika səviyyəsində, yəni yalnız söz üzərində bu fikri eşidirik. Ancaq konkret olaraq Ukraynaya, Rusiya əleyhinə istifadə olunacaq hansı silahların veriləcəyi və bu silahların içərisində havadan müdafiə sistemləri və ya hücum xarakterli uzaqmənzilli ballistik raketlərin olub-olmayacağı hələlik məlum deyil. Bunlar bəlli olduqdan sonra artıq konkret olaraq güc balansından danışmaq mümkün olacaq. Hələlik isə bu, yalnız açıqlama səviyyəsindədir və daha çox Rusiyaya təzyiq xarakteri daşıyır”.

 

Politoloq Çin, Braziliya və Hindistana tətbiq olunacaq sanksiyaların ikinci dərəcəli sanksiyalar olduğunu bildirib:



“Çünki əsas sanksiyalar birbaşa Rusiyaya tətbiq olunacaq. Xüsusilə də ehtimal edilir ki, Rusiya büdcəsinin 50 faizdən çoxunu təşkil edən neft gəlirləri ilə bağlı sanksiyalar tətbiq ediləcək. Rusiyadan neft və enerji daşıyıcıları alan ölkələrə isə ikinci dərəcəli sanksiyalar tətbiq olunacaq. Yəni kim Rusiyadan neft alacaqsa, həmin dövlətlərə də sanksiyalar tətbiq ediləcək.Hətta həmin ölkələrdən Amerikaya satış üçün nəzərdə tutulan ticarət mallarına 500 faizədək ticarət rüsumları tətbiq olunması nəzərdə tutulur. Və təbii ki, heç bir ölkə Rusiyanın yerinə belə bir yükü daşımaq istəməyəcək. Bu baxımdan ABŞ bu yüksək faizli məhdudiyyət sanksiyalarını ona görə tətbiq edir ki, heç kim Rusiyadan neft almasın. Xüsusilə də Çin kimi ölkələrin bu alışı dayandırması qısa müddətdə Rusiya büdcəsinə ciddi zərbə vuracaq. Bu da Rusiyanın müharibəni davam etdirməsi üçün büdcəsinə böyük bir yük gətirəcək”.

 

Natiq Miri son olaraq açıqlamasında qeyd edib ki, açıq şəkildə görünür ki, Trampın qayıdışı tamamilə fərqli bir müstəvidə Ukrayna siyasəti ilə bağlıdır:

 

“Bilirsiniz ki, Tramp hakimiyyətə qayıdan kimi Ukraynaya silahların, hətta kosmosdan əldə olunan kəşfiyyat məlumatlarının verilməsini dayandırmışdı. Bütün bunlar Ukraynadan müəyyən güzəştlər əldə etmək, onu sülh masasına oturtmaq və Rusiyanın bəzi istəklərinə Ukraynanı razı salmaq məqsədi daşıyıb.Ancaq məsələnin digər tərəfi də var: Rusiya tərəfi. Rusiya indiyə qədər sülh danışıqlarında yalnız görüntü yaratmaq üçün iştirak etdiyini nümayiş etdirib. Bu gün Donald Trampı qıcıqlandıran əsas məqam da budur. Artıq ABŞ-nin strateji NATO üzrə müttəfiqləri və hətta Trampın administrasiyası da onu inandırmağa çalışır ki, Rusiya həm ABŞ-yə, həm də şəxsən Trampa oyun oynayır. Ona görə də ABŞ prezidentinin qayıdışı ilə tətbiq edilən əvvəlki siyasətdən geriyə dönüş müşahidə olunur.


Təbii ki, bu dönüşü təmin edən əsas amil Rusiyanın oyunbazlığı və Ukrayna ilə müharibədə daha çox istəklərinə nail olma cəhdidir. Rusiya hədəf kimi təkcə güzəştlər deyil, bütün Ukraynanı işğal etmək və Ukrayna rəhbərliyini təslimiyyətə məcbur etməyi qarşısına məqsəd qoyub. Ona görə də düşünürəm ki, Trampın qayıdışdan sonra tətbiq etdiyi siyasətdə ciddi fərqlilik yaranıb və bu fərqlilik bundan sonra da davam edəcək. Əgər bu yeni siyasət davamlı olacaqsa, o zaman bu, heç bir halda Rusiyanın xeyrinə olmayacaq”.

 

Mahmudlu Ləman