" “İsgəndər” raketi Rusiya ordusunun son ümididir"

Bölmə: Siyasət › ,
Tarix: 21:18 14.07.2025

Rusiyanın ümidi “İsgəndər”ə qalıb.

İlin əvvəlində sərhədlərimizə 54 “İsgəndər” buraxılış qurğusu yerləşdirilib. Onlardan 3-nü və ya 4-ünü zədələdik, başqalarını gətirdilər. Bu, onu deməyə əsas verir ki, ruslar öz imkanlarını ballistik zərbələrə cəmləməyə çalışırlar.

Bunu ukraynalı aviasiya üzrə ekspert və analitik Konstantin Krivolap deyib.

Ekspert həmçinin qeyd edib ki, Ukrayna rusların imkanlarını məhdudlaşdırır.

Krivolapın fikrincə, “İsgəndər”lərin yerləşdirilməsi Rusiyanın zərbələrin sayı məhdud olsa belə, hücumlar həyata keçirmək qabiliyyətini nümayiş etdirməyə çalışdığına işarədir.

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar Rusiya hərbi-sənaye kompleksi iki sistemdən üçnövbəli iş rejiminə keçid edib:

 

“Beləliklə, Rusiya zavod və fabrikləri hərbi-sənaye kompleksinin inkişafı üçün yeni struktur formalaşdıraraq, münaqişə zonasında tələb olunan silah və sursatların istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

 

Hazırda Rusiya hərbi-sənaye kompleksi artıq iki deyil, üçnövbəli iş rejimində fəaliyyət göstərir. Bunu qeyd etmək də yerinə düşər ki, Rusiya xammal baxımından olduqca geniş imkanlara malikdir. Yəni, xaricdən xam material almadan da öz hərbi-sənaye məhsullarını istehsal etmək gücündədir.

 

Bundan əlavə, Rusiya hərbi sənayesi yeni texnologiyalara üstünlük verməkdədir. Artıq “İsgəndər” tipli raketlər köhnəlmiş sistemlərə aid edilir. Daha müasir və səsdən sürətli ballistik raketlərin hazırlanması və istehsalı gündəmə gəlib. Bu silahlar, xüsusilə Ukrayna münaqişəsində sınaqdan keçirilir. Başqa sözlə, Rusiya bu münaqişə fonunda yeni texnologiyaların, raketlərin və silah-sursatın istehsalına dair proqramları gerçəkləşdirməkdədir.

 

Bəziləri tərəfindən səsləndirilən “Rusiyanın ümidi yalnız İsgəndər raketlərinə qalıb” fikri isə reallığı əks etdirmir. Ukraynalı ekspertlərin Rusiya əleyhinə səsləndirdiyi bu kimi fikirlər, əslində, psixoloji müharibənin bir hissəsidir. Əgər Ukrayna ekspertlərinin dedikləri qədər Rusiya zəif bir gücdürsə, o zaman Ukraynanın ərazisinin 25 faizinin Rusiyanın nəzarətinə keçməsi necə baş verib? Bu sual öz cavabını verir: həmin əraziləri Rusiya məhz hərbi gücü və yeni texnologiyalar hesabına nəzarətə götürüb.

 

Qərb koalisiyası, başda ABŞ və NATO olmaqla, bu psixoloji müharibəni daha da gücləndirməkdədir. Buraya yalnız Ukraynalı ekspertlərin deyil, eyni zamanda Qərb ekspertlərinin səsləndirdiyi fikirlər də daxildir. Unutmaq olmaz ki, Rusiya nüvə başlıqları daşıya bilən strateji silahlara malikdir. Müharibənin ilk ildönümündə də Rusiya “Xənçər” adlı səsdən sürətli ballistik raketini uğurla sınaqdan keçirmişdi və bu raketin seriyalı istehsalı üçün Müdafiə Nazirliyinin sifarişi əsasında bütün hərbi komplekslər işə salınıb.

 

Bütün bu deyilənlər Rusiyanın nüfuzunu zəiflətməyə hesablanmış psixoloji müharibənin tərkib hissəsidir.

 

Digər tərəfdən, son vaxtlar Rusiya–Azərbaycan münasibətlərində müşahidə olunan gərginlikdən istifadə edən Qərb dairələri bu münasibətləri daha da qızışdırmağa çalışır. Halbuki Azərbaycandan Rusiyaya qarşı hər hansı təhlükə yaradan addımlar atılmır. Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiqdir və bu, ölkənin xarici siyasət doktrinasının əsas xəttini təşkil edir. Rusiya ilə münasibətlərdə də bu prinsip davam etdirilir”.

 

Politoloq əlavə edib ki, Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazisindən nə Rusiyaya, nə də İrana qarşı üçüncü tərəflər istifadə edə bilməz:

 

“Azərbaycan, ümumiyyətlə, öz ərazisindən başqa dövlətlərə qarşı siyasi və hərbi məqsədlərlə istifadə olunmasına icazə vermir.

 

Son dövrlərdə Rusiyada azərbaycanlılara qarşı müşahidə edilən bəzi mənfi hallar, iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə yönəlmiş Qərb planlarının tərkib hissəsidir. Bu siyasət həm Rusiya daxilində erməni lobbisinin təsiri altında olan bəzi dairələr, həm də xarici Qərb koalisiyası tərəfindən həyata keçirilir.

 

Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin 24 fevralında Azərbaycan və Rusiya prezidentləri arasında imzalanmış 43 maddəlik “Dostluq və əməkdaşlıq haqqında” Bəyannamə iki ölkə arasında münasibətlərin dərinləşdirilməsinə xidmət edir.

 

Bütün bu cəhdlərə baxmayaraq, hesab edirəm ki, Azərbaycan və Rusiya arasında münasibətlərə ciddi xələl gəlməyəcək. Hər iki ölkənin rəhbərliyi bu əlaqələrin qorunub saxlanması və inkişafı üçün qarşılıqlı addımlar atacaqdır”.

 

Aytən Ağazadə