Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü...

Tarix: 21:15 14.07.2025
Ermənistan Bəşər Əsədi seçib və Suriyanı itirib. Əsədi devirən Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şara isə Azərbaycanı seçib və qazanıb.
O bildirib ki, Azərbaycan Suriyaya qaz nəql edəcək, enerji və infrastruktur layihələrində iştirak edəcək:
“Azərbaycan Dəməşqlə Təl-Əviv arasındakı dialoqa ev sahibliyi etməklə Suriyanın təhlükəsizliyinə daha bir töhfə vermiş olacaq. Əhməd əş-Şaranın Azərbaycana səfərdən geri qayıtdıqdan dərhal sonra Prezident İlham Əliyevə yazdığı məktubda belə bir cümlə var:
“Dostluğumuz Qafqaz dağları qədər sarsılmaz qalsın”. Həqiqətən, qarşılıqlı maraqlar üzərində qurulan tərəfdaşlıq daimi olmalıdır. Rusiya ilə bu alınmadı, çünki Kreml sözdə tərəfdaş adlandırdığı ölkələrin maraqlarını heçə sayır”.
Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Suriya arasında tarixi əlaqələr mövcuddur:
“Lakin Bəşər Əsəd dönəmində onun Ermənistanın işğal siyasətinə verdiyi dəstək, eyni zamanda qardaş Türkiyə ilə münasibətlərinin pozulması təbii olaraq Azərbaycan-Suriya əlaqələrinə də mənfi təsir etdi və iki ölkə arasındakı münasibətlər faktiki olaraq dayanıb. Amma Əhməd Əş-Şaraanın hakimiyyətə gəlməsindən sonra Suriyada vəziyyət köklü şəkildə dəyişib, yeni geosiyasi reallıqlar formalaşıb. Xüsusilə də qardaş Türkiyə Suriyada artıq əsas güclərdən biri kimi çıxış edir və Türkiyə ilə Suriya hökuməti arasında münasibətlər dinamik şəkildə inkişaf edir.Hərbi, iqtisadi və siyasi əlaqələrin inkişafı üçün perspektivlər var və Türkiyə də maraqlıdır ki, Suriyada Azərbaycanla birgə fəaliyyət göstərsin”.
Əli Zülfüqaroğlu qeyd edib ki, eyni zamanda Suriyanın da marağı ondan ibarətdir ki, Azərbaycan bu ölkənin inkişafında rol oynasın:
“Azərbaycan da Suriya ilə əlaqələrin inkişafında maraqlıdır. Qaz sazişi ilə bağlı əldə olunan razılaşma yalnız iqtisadi imkanların genişləndirilməsi deyil, həm də digər sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcək.
Düşünürəm ki, Əş-Şaranın həm yazılı məktubu, həm də verdiyi mesajlar göstərir ki, Suriya Azərbaycanla dostluğa və ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir.Hazırda Suriyanın əsas problemi İsrail tərəfindən işğal olunmuş Qolan təpələri və ətraf ərazilərlə bağlıdır. Suriya rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkənin ərazi bütövlüyü məsələsində hökumətin mövqeyi prinsipial və qətidir.Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Suriyanın hərbi potensialı kifayət qədər zəifləyib. Bəşər Əsəd devrilərkən İsrail ordusu Suriyanın bir sıra hərbi bazaların sıradan çıxarmışdı”.
Əli Zülfüqaroğlu açıqlamasında bildirib ki, üstəlik, İsrail və Türkiyə arasındakı münasibətlər də olduqca gərgindir və ciddi ziddiyyətlər mövcuddur:
“Bu mənada düşünürəm ki, İsraillə hərbi qarşıdurma nə Suriyanın maraqlarına uyğun deyil. Belə olan halda Azərbaycanın oynaya biləcəyi vasitəçilik rolu Suriya üçün əhəmiyyət daşıyır. Azərbaycan dəfələrlə beynəlxalq proseslərdə vasitəçilik missiyasını öz üzərinə götürüb və kifayət qədər uğurlu nəticələrlə yadda qalıb. Eyni zamanda Azərbaycanın İsraillə yaxın münasibətləri var, Türkiyə ilə qardaşlıq əlaqələri mövcuddur və indi Suriya ilə da münasibətlər qurulur.Belə vəziyyətdə Azərbaycanın regional əhəmiyyəti daha da artır. Azərbaycan həm İsrail, həm Türkiyə, həm də Suriya ilə münasibətlərindən istifadə edərək, İsrail-Suriya diplomatik təmaslarının inkişafına və hərbi gərginliyin azalmasına töhfə verə bilər.Suriya da bunun fərqindədir və Azərbaycanla münasibətlərin inkişafı Suriyanın milli maraqlarına tam uyğundur”.
Politoloq son olaraq əlavə edib ki, Suriyada müxtəlif güclərin və ziddiyyətli qüvvələrin olması bu ölkə üçün ciddi təhdidlər yaradır:
“Azərbaycanın vasitəçilik missiyası və diplomatik təmasların irəliləməsi Suriyada sabitliyin bərpası və ölkənin getdikcə güclənməsi üçün əlverişli şərait yarada bilər.Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə aktiv addımlar atacaq. Suriya Prezidentinin Azərbaycana səfəri həm Suriya üçün, həm də Azərbaycan və Türkiyə üçün əhəmiyyətə malikdir”.
Mahmudlu Ləman