Ukraynada genişmiqyaslı transformasiya hazırlanır

Tarix: 21:21 14.07.2025
Ukrayna icra hakimiyyəti sistemində genişmiqyaslı transformasiya hazırlayır. Plan, dövlət xərclərini azaltmaq və daha çox resursları ölkənin qorunmasına yönəltməkdir.Bu barədə Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatında deyilir.
Qeyd edək ki, Zelenski bu gün Ukrayna hökumətinin başçısı Denis Şmıqalla görüş keçirib. Görüş zamanı gələcək strateji addımlar müzakirə olunub.
“Biz ölkəmizdə sahibkarlığın dəstəklənməsi və qorunması üçün nəzərdə tutulan bütün qərarları həyata keçirməli, həmçinin yerli silah istehsalı proqramlarını genişləndirməliyik”, - Zelenski görüşdə bildirib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, belə anlaşılır ki, Ukrayna artıq savaşdan sonrakı dövrə hazırlaşır:
“Çünki dövlət strukturlarının islahatına yönəlik addımların atılmasına hazırlıq prosesi başlayıb. Bu da olduqca təqdirəlayiq bir prosesdir. Çünki bir çox digər MDB dövlətləri kimi Ukrayna da sovet dövründən qalma dövlət sistemi ilə idarə olunurdu. İndi isə Ukrayna bu sistemi müasir standartlara uyğunlaşdırmağa çalışır və bu da doğru addımdır.Çünki Ukraynanın qarşısında iki önəmli hədəf mövcuddur. Bu da savaş bitdikdən sonra Avropa Birliyinə və NATO-ya üzvlük hədəfləridir. Mövcud situasiya onu göstərir ki, savaşdan sonra Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı ciddi problem qalmayacaq. Çünki Avropa dövlətləri də bunun baş verməsində maraqlı olduqlarını bəyan edirlər. Üstəlik, onu da bəyan edirlər ki, Ukrayna savaşdan sonra bərpa olunacaq və bu bərpa prosesi bir mənalı şəkildə Rusiyanın hesabına aparılacaq.Yəni Rusiyanın Amerika Birləşmiş Ştatlarında və Avropa Birliyi məkanında dondurulmuş maliyyə resursları hazırda üzərində həbs qoyulub və həmin maliyyə resursları Ukraynanın bərpasına yönəldilə bilər. Çünki bu gün Ukraynanın dağıdılması beynəlxalq hüquq normalarına zidd şəkildə işğalçılıq siyasəti yürüdən Rusiyanın üzərindədir. Ona görə də Ukraynanın bərpası Rusiyanın hesabına aparılmalıdır. Rusiya bu xərcləri çəkməyə borcludur”.
Politoloq qeyd edib ki, digər tərəfdən, önəmli məqam ondan ibarətdir ki, Rusiya artıq getdikcə zəifləyir və tezliklə Ukraynanın Avropa Birliyinə və NATO-ya üzvlük məsələsinə ciddi müqavimət göstərmək imkanlarını da itirməyə başlayacaq:
“Bu baxımdan hesab etmək olar ki, Rusiya özü üçün çox ciddi problemlər yaratdı, çünki Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayıb. Əgər Rusiya ciddi şəkildə zəifləyərsə, onun iqtisadiyyatı çökməyə davam edərsə və eyni zamanda Rusiyada siyasi rejim dəyişikliyi baş verərsə, o zaman Ukraynanın həm Avropa Birliyinə, həm də NATO-ya üzvlüyünə heç bir əngəl qalmayacaq. Artıq Qərbdə də bu barədə daha pozitiv düşünməyə başlayıblar.
Belə anlaşılır ki, son vaxtlar Rusiyanın aqressiv davranışları, sülh danışıqlarını yaxına buraxmaması, yəni sülhdən danışıb savaş addımları atması həm ABŞ-i, həm də Avropa Birliyini bir mənalı şəkildə bezdirib. Trampın son açıqlamasında da qeyd olunur ki, Putin çox gözəl danışır, ancaq daha sonra mülki şəxslərin yaşadığı əraziləri bombalayır. Yəni, Putin sülhdən danışır, amma savaş addımları atır. Bütün bunları nəzərə aldıqda Qərbdə yanaşma tərzi yenidən dəyişir.Xüsusilə də ABŞ yenidən Bayden administrasiyasının mövqeyinə qayıdır. Ukraynaya hərbi dəstəyi bərpa edir, üstəlik də Ukraynaya əlavə hərbi dəstək paketləri hazırlayır. Bu da o deməkdir ki, yaxın vaxtlarda həm ABŞ-nin, həm də Avropa Birliyi ölkələrinin Ukraynaya hərbi dəstəyi hazırda hərbi resursları tükənməkdə olan, iqtisadiyyatı zəifləyən Rusiyanın savaşda məğlubiyyətə yaxın vəziyyətə düşmək ehtimalını artırır.Ona görə də böyük ehtimalla bütün bunları nəzərə alan Zelenski hakimiyyəti ölkədə genişmiqyaslı dövlət strukturları islahatına hazırlaşmaq qərarına gəlib və bu da Ukraynanın yaxın gələcəkdə inkişafına, ən əsası isə bərpasına müsbət təsir göstərə bilər. Ukrayna müasir standartlara cavab verən dövlət strukturlarının formalaşdırılması sayəsində qısa müddətdə itkilərini bərpa edə və ölkədəki dağıntıları aradan qaldıra bilər, sənaye və biznes sahəsini inkişaf etdirə bilər və əsas hədəf də belə görünür”.
Elçin Xalidbəyli qeyd edib ki, digər tərəfdən, artıq Rusiya ilə savaş Ukrayna üçün olduqca böyük bir dərs olub:
“Ukrayna siyasi dairələri artıq anlayır ki, nə qədər ki, qonşuluqda Rusiya kimi bir dövlət var, Ukrayna hər zaman hərbi təcavüz təhlükəsi ilə üz-üzə qalacaq. Ona görə də Ukrayna hərbi cəhətdən güclü dövlət olmağa məcburdur. Bunun da əsas yolu Ukraynada müdafiə sənayesinin, silah istehsalının, hərbi texnika istehsalının genişləndirilməsi və müasir tələblərə uyğunlaşdırılmasıdır.
Belə anlaşılır ki, Ukrayna iqtisadiyyatının müəyyən hissəsi məhz hərbi sahəyə yönəldiləcək. Bu da Ukraynanın hərbi təhlükəsizliyi üçün ən böyük təminat rolunu oynaya bilər. Bu baxımdan hesab etmək olar ki, Zelenski hakimiyyəti hazırda tamamilə doğru yoldadır. Dövlət strukturlarının islahatı vacibdir. Bu, Avropa Birliyi və NATO-ya üzvlük imkanlarını genişləndirəcək, eyni zamanda hərbi sənayenin inkişaf etdirilməsi Ukraynanın hərbi təhlükəsizliyinin təminatına yol açacaq”.
Mahmudlu Ləman