"Əziz Şuşa, sən azadsan"
Bölmə: Siyasət › ,Tarix: 19:45 26.12.2022
İgidlərimiz xarıbülbülə can verərək canlarından oldular...
İşğal altında olan torpaqlarımıza qovuşanadək vətən, yurd haqqında tamamilə fərqli düşünürdüm. Düşmən tapdağı altında olan ərazilərimizi niyə qaytarmaq imkanımız yox idi? Bu məni daima düşünməyə vadar edən sual idi. Əlimdə olsa idi, haray edər, Qarabağsız Azərbaycanı, Qarabağlı Azərbaycan, xüsusilə də, Şuşalı Azərbaycan etmək istərdim. Ancaq çox təəssüf edirdim ki, buna nəinki mən, heç dünyadan nakam gedən şəhidlərimiz belə nail olmamışdılar.
Şuşanın adı öncə qəlbimizdə, sonra da kafe-restoranların, qəzetlərin, məktəblərin adında yaşayırdı. Bu ad onlara əbəs yerə verilməmişdi...
İşğal zamanı düşmənin hiyləgərliyi ilə üz-üzə qalmışdı xalqımız, eyni zamanda əzmlərindən də geri dönmürdülər. Onlar sanki ruhlarında o zaman açılan dərin çuxurun qaranlığında işıq axtarmaqda idilər. Bəlkə məhz buna görə onların bu addımları bir az da olsa, könüllərini oxşayırdı.
Nə etmək olardı ki... Bunların heç biri kifayət eləmirdi. Şuşa qayıtmalı idi. Azərbaycan Qarabağına qovuşmalı idi. Şəhidlərin ruhları cisimlərinə qayıtmasa da, heç olmasa, Şuşaya-o şiş qayalı məkana geri dönməli idik. Mədəniyyət beşiyi Şuşa azad olmalı idi.
1992-ci ilin 8 may tarixi qansız düşmənin Azərbaycana Şuşa ilə bağlı yaşatdığı zülm-işğal ilk faciə deyildi. Tarixə nəzər salsaq görərik ki, SSRİ dövründə 1905-1907-ci illərdə böyük bir inqilab baş vermişdi. Bu zaman əhalinin fikrini bu inqilabdan yayındırmaq məqsədilə azərbaycanlı əhaliyə qarşı müsəlman qırğınları həyata keçirilmişdi. Bunlardan biri də 1905-ci il Şuşa faciəsi idi. O zaman da düşmənin nifrət dolu hərəkətləri, absurd düşüncələri ilə üz-üzə qalan əhalimiz böyük itkilər vermişdi.
Tarix boyu başı bəlalı, sinəsi yaralı Azərbaycan hələ çox az hissəsindən bəhs etdiyim vəhşiliklərə məruz qalmışdı...
Gələk müasir dövrümüzə.
Xalq olaraq bir qismimizdə inam yaşayır, ümid ölmürdü, bir qismimiz isə 28 illik bu boşluq hissinin dolacağına, ümumiyyətlə, inan bəsləmir, narahat ruhların intiqamının alınacağını ağıllarının ucundan belə keçirmirdilər. Çünki bu zülm, bu vəhşət bir yox, iki yox, düz iyirmi səkkiz il qəlblərdə iz qoymuşdu. Bu illər ağrı-acı, qan-qada ilə keçən illər idi. Xalqımız üçün bu tarix, bu zaman məsafəsi bir igidin ömrünə bərabər tutulurdu.
İnsanın xislətində var; yaşanılanları unuda, zaman uzandıqca bəzi hadisələri beynində ikinci plana keçirə də bilər. Amma Azərbaycanımıza qarşı bu insanlıq hissindən uzaq hadisələri unutmaq heç kəsin haqqı deyildi.
Əziz şairimiz Bəxtiyar Vahabzadənin "Vətən əbədidir, gedəriyik biz” fikirləri bu məqamda lap yerinə düşür. Bəli, biz gedəriyik, amma vətən hər bir hadisəyə şahid olub və bu yaşananları silinməyəcək şəkildə tarixə qan yaddaşımız olaraq həkk edib.
"Yaşatdığını yaşatmadan öldürməz Allah" deyirlər və ya bəziləri bu ifadəni "Həyat bumeranqdır" fikri ilə də əvəzləyirlər. Böyük tarixi qələbəmiz bizim üçün asan başa gəlmədi, amma tarix təkrarlandı. O zaman öz çirkin addımları ilə torpaqlarımıza soxulan ermənilər dabanlarına tüpürərək qaçdılar müqəddəs torpaqlarımızdan. Fəxarət hissi ilə demək istəyirəm ki, Şuşa artıq azaddır, orada məkrli düşmənlər gəzmir. Dumanlı dağları ilə məşhur olan Şuşamızı döyüşçülərimiz öz şücaətləri və ali baş komandanımızın uğurlu siyasəti hesabına azad etdilər. Qayaları dırmaşaraq, təhlükəyə sinə gərərək hər anı ölüm olan hadisəni-Şuşamızı azadlığa qovuşdurmağı şəhidlərimiz, qazilərimiz bacardılar.
İgidlərimiz xarıbülbülə can verərək canlarından oldular...
Səkkiz noyabr 2020-ci il tarixi qulağımızda Xan Şuşinskinin avazı kimi səslənir artıq. Daha bizim başımız dağlardan da ucadır. Daha xarıbülbül başını utancından deyil, vətən uğrunda canından keçənlərin ruhları qarşısında özünü borclu bildiyi üçün əyir. Bu reallıq yaramızı sarararaq, övladını vətən yolunda fəda edən valideynlərə məlhəm olub.
Əbəs yerə "ana" deyə səslənmirik vətənə. Bizi qoynuna almış Azərbaycanımız öz isti qucağında neçə-neçə dahi şəxsiyyətlər böyüdüb. Xan qızı Natəvan, Üzeyir Hacıbəyov, Bülbül kimi sənətkarların məskəni olub Şuşa. Şuşanın azadlığı ilə onların həm ruhları, həm də bizə miras qoyub getdikləri söz sənətləri də dirçəlib sanki.
Əminliklə söyləyə bilərəm ki, Şuşa yenə yetişdirəcək istedadlı övladlarını. Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Mir Möhsün Nəvvabları yenə Azərbaycana bəxş edəcək.. Şuşalı Azərbaycan, qədəmlərin mübarək!
Məryəm Abdullazadə
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi