“MICROSOFT – UN BEYNƏLXALQ STEM DƏRSLƏRİ” - LAYİHƏ VƏ PROBLEM ƏSASLI ÖYRƏNMƏYƏ DƏSTƏK MƏQSƏDİLƏ ÖYRƏDİCİ VİDEO - ÇARXLARIN ÇƏKİLMƏSİ

Bölmə: Siyasət › ,
Tarix: 23:08 28.12.2022

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin məktəb kateqoriyası üzrə qalibi olan Sumqayıt şəhər 12 nömrəli məktəbdə həyata keçirilən layihə uğurla yekunlaşdı.
Bu barədə məlumat verən Reyhan Baxşıyeva bildirib ki, təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə keçirilən bu müsabiqədə qalib olmaqla üzərinə böyük məsuliyyət götürən Sumqayıt şəhər 12 nömrəli məktəb bu işin də öhdəsindən uğurla gəlib. Belə ki, “Microsoftun beynəlxalq STEM dərsləri” adlanan layihə çərçivəsində hazırlanan on video-çarx artıq müəllimlərin istifadəsinə verilib.
Layihənin əsas məqsədinin müəllimlərin Microsoftun beynəlxalq STEM dərslərindən istifadəsini dəstəkləmək məqsədilə 10 dərs üzrə öyrədici video-çarxın hazırlanması və bu dərslərin onlayn öyrənmə platformalarında yerləşdirilməsi olduğunu xatırladan Reyhanə xanım bildirib ki, öyrədici video-çarxları izlədikdən sonra müəllimlər dərslərini STEM əsaslı qura biləcək, elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını layihə və problem əsaslı öyrənmə vasitəsi ilə təhsilalanlara aşılayacaq, onlarda həmçinin mühəndislik, qurmaq, yaratmaq, dizayn etmək, kodlaşdırmaq, hesablamaq kimi bacarıqlar da formalaşdıracaqdır. Microsoftun STEM dərsləri üçün nəzərdə tutduğu real həyat problemlərinin həllinə yönəlmiş, süni intellekt anlayışının ilkin tətbiqini nəzərdə tutan bu layihə və problem əsaslı dərs nümunələri şagirdlərdə bu istiqamətdə ilkin bacarıqlar formalaşdıracaq, onları gələcəkdə daha yaradıcı layihələr hazırlamağa sövq edəcək. Ən əsası isə bu dərslərdən yararlanan şagirdlər real həyatda qarşısına çıxan problemin həllinə baş sındıracaq və onun həlli üçün müəyyən addımlar atacaq. Bu fəaliyyətləri yerinə yetirən şagird artıq XXI əsrin bacarıqlarına yiyələnmiş olacaq.