BAAU-nun prorektoru Polşada işgüzar səfərdə olub
Bölmə: Siyasət › ,Tarix: 17:48 09.02.2023
Azərbaycanda fəaliyyət göstərən 20 ali təhsil müəssisəsinin prorektorları və digər səlahiyyətli nümayəndələrinin Polşada işgüzar səfərdə olublar. Səfərdə Bakı Avrasiya Universitetini Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova təmsil edib. Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub.
İlkin olaraq Kozminski Universitetində keçirilən iki günlük təlimlərdə ali təhsil müəssisəsinin ümumi inkişafı, dayanıqlı inkişaf, rəqəmsal transformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa təcrübələri öyrənilib.
Səfərin növbəti günlərində Varşava Həyat Elmləri Universitetinin rektoru və Polşa Universitetlərinin Rektorlar Konfransının vitse prezidenti Michał Zasada tərəfindən strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin CRASP-ın baş katibi Agata Kulesza səfər iştirakçıları ilə CRASP-ın milli və beynəlxalq təcrübələri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.
Təlim proqramının yekununda layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Strateji inkişaf komitəsinin sədri Araz Aslanlı ilə birlikdə layihədə həyata keçirilən fəaliyyətlərin icası və qarşıda duran mühüm vəzifələr, Stratji İnkişaf Komitəsinin gələcək fəaliyyət planı üzrə müzakirələr aparılıb.
Onu da qeyd edək ki, Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı layihə Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.
Afia.az