"Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsi İranda qıcıq yaradır"- Politoloq

Bölmə: Siyasət › ,
Tarix: 09:52 14.03.2023

Xəbər verdiyimiz kimi, İranın hərbi təyyarəsi ötən həftə sərhədimiz üzərində uçuş həyata keçirib və bunun nəticəsində Azərbaycan tərəfi İrana nota verib.

 

Bəs, İranın belə bir addım atması nəyə hesablanır. Baş verən bu hadisə iki dövlətin münasibətlərinə necə təsir edəcək?

 

Məsələ ilə bağlı siyasi şərhçi Turan Rzayev İNFORMATOR.AZ-a açıqlamasında bildirib ki, İranın bu cür əməllərinə Azərbaycan tərəfindən həmişə adekvat cavab verilir:

 

"Son zamanlar İran və Azərbaycan arasında münasibətlər kifayət qədər gərginləşibdir. Bu proses müstəqilliyimizin ilk illərindən bəri belədir. Sadəcə Azərbaycan müəyyən səbəblərə və xarici siyasətdəki balans siyasətinə görə İranla münasibətlərdə ehtiyatlı yanaşmaqla, maksimum gərginlikdən uzaq siyasət yeridirdi. Lakin İranın Azərbaycana qarşı təxribatlar törətməsi 2000-ci ildən başlayaraq, müxtəlif vaxtlarda hərbi təyyarələrinin Azərbaycan sərhədində uçması fonunda müxtəlif təxribatlara əl atması və ötən il Araz çayı boyunca keçirdikləri təlimləri ilə göz dağı verməsi İranın əsl mahiyyətini və xarici siyasətdəki iç üzünü göstərmiş oldu. 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra faktiki olaraq, İran anti-Azərbaycan siyasətini daha açıq şəkildə icra etməyə başladı. Təbii ki, İranın Azərbaycana qarşı atdığı neqativ addımlar rəsmi Bakı tərəfindən son illər ərzində adekvat şəkildə cavab verilir. Xüsusilə, Dövlət Təhlükəsizlik Xidmətinin ötən il keçirdiyi ardıcıl anti-İran və İran cəsuslarına qarşı başladılan əməliyyatlar sonunda, İranın ölkəmizdəki agentura şəbəkəsinə ciddi şəkildə zərbə vurub. Ötən gün ərzində İranın Azərbaycan sərhədləri boyunca döyüş təyyarələrinin uçması, xüsusilə, Azərbaycan və İran arasındakı münasibətlərin gərginləşməsinə səbəb olubdur. Rəsmi Bakı İrandan gələ biləcək bütün ehtimallara hazırdır. Ancaq tərəflər arasında müharibə bənzəri bir hadisənin baş verəcəyini düşünmürəm.

Politoloq əlavə edib ki, İran özü də bilir ki, Azərbaycanla müharibəyə girmək onun üçün ciddi təhlükədir:

 

"İran özü də başa düşür ki, Azərbaycanla birbaşa müharibəyə girmək onun üçün də təhlükəlidir. Çünki Azərbaycan 10 milyondan bir qədər artıq nüfuza malik olsa da, 45 milyona yaxın Azərbaycanlı İranda yaşayır. 20 milyona yaxın digər türk mənşəli xalqlar da yaşayır. Yəni bu tip bir müharibə İranın üçün təhlükəli ola bilər. Bu günlərdə İranda etiraz aksiyaları davam etməkdədir. Bu etiraz aksiyaları nəticəsində İranın bu və ya başqa formada Azərbaycanla birbaşa konfliktə girməsi real deyil. Bu sadəcə İranın ənənəvi siyasətinin bir parçasıdır və təxribat xarakterlidir".

 

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın İsraillə münasibətlərinin inkişaf etməsi İran tərəfində çox böyük qıcıq yaradır:

 

"Azərbaycan ilə İsrail arasında münasibətlər kifayət qədər inkişaf edib. Bununla da, Azərbaycan 30 il ərzində ilk dəfə olaraq, İsraildə səfirlik açdı. Bu səfirliyin açılması İsrail ilə münasibətlərin strateji baxımdan daha da inkişaf etməsi, İsraildən ardıcıl silahların alınması və İsrailin Azərbaycana davamlı şəkildə dəstək nümayiş etdirməsi İran nəzdində qıcıqlıq yaradır. Rəsmi Tehran elə hesab edir ki, onun da Ermənistan ilə olan münasibətlərinə nəzərən Azərbaycanın sakit durması lazımdır. Halbuki hər iki müstəqil ölkədir. Azərbaycan istənilən ölkə ilə münasibətlər qura bilər və həmçinin İsrail də daxildir. Necə ki, İran bu gün Ermənistanla münasibətlər qurur və Ermənistana yardımlar həyata keçirir. Təbii ki, Azərbaycanın İsraillə münasibətlər qurmasında qeyri-adi heç nə yoxdur. Amma elmi mənada deyə bilərik ki, birincisi Azərbaycan İsrail münasibətlərinin hazırkı inkişaf tempi və Azərbaycanın İsraildə səfirlik açması faktı, eyni zamanda Azərbaycanın İrana qarşı daxildəki İranın agentura şəbəkəsini çökdürmək cəhdləri İranda ciddi şəkildə narahatlıqlar yaradıb. Son olaraq İrandakı etiraz aksiyaları Güney Azərbaycanın təşkilatlanması nəticəsində müstəqillik hərəkatına keçməsi və Bakının bu proseslərdə Güney Azərbaycana siyasi baxımdan dəstək verməsi əlbəttə ki, İranın daha da aqressivləşməsinə gətirib çıxarır. Xüsusilə, ölkə başçısı Prezident İlham Əliyev ötən ilin sonlarına yaxın qeyd etdi ki, Azərbaycan xaricində yaşayan soydaşlarımızın taleyinə biganə qalmayacağıq. Bu müstəqillik tarixində uzun illər sonra verilən ilk belə açıqlama idi. Bu baxımdan İran proseslərin hazırkı mərhələsindən narahat olduğu üçün maksimum dərəcədə təhdid ritorikasından istifadə edir. Dediyim ki, bu ritorikanın heç bir əhəmiyyəti yoxdur".

 

Fatimə Mustafayeva