BAAU-nun “Ərəbşünaslıq Mərkəzi”ndə Novruz bayramı keçirilib

Bölmə: Siyasət › ,
Tarix: 15:50 18.03.2023

BAAU-nun “Ərəbşünaslıq Mərkəzi”ndə Novruz bayramı keçirilib

 

Martın 17-də Bakı Avrasiya Universitetinin “Ərəbşünaslıq Mərkəzi”ndə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib. Tədbirdə “Ərəbşünaslıq Mərkəzi”nin rəhbərliyi, ərəbdilli tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Ərəbşünaslıq Mərkəzi”nin İcraçı direktoru, dosent Mütəllim Rəhimov deyib ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

“Ərəbşünaslıq Mərkəzi”nin Elmi rəhbəri, dosent Ülviyyə Hüseynova isə çıxışında bildirib ki, Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir.  Onun tarixi də Azərbaycan xalqının tarixi kimi qədimdir. Bu bayramın qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir.

Daha sonra tələbələr Novruz bayramı haqqında şeirlər səsləndiriblər.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra bədii və əyləncəli mərasim başlayıb. Musiqi sədaları altında rəqslər, Novruz rituallarının səsləndirilməsi ilə yanaşı, milli şirniyyatlar, o cümlədən qoğal, paxlava və şəkərburanın yer aldığı süfrə açılıb.

 IMG-20230412-WA0002.jpg