Əsirlikdə olan hərbçilərimiz nə vaxt azad olunacaq? - İCTİMAİ RƏYLƏR

Bölmə: Siyasət › ,
Tarix: 08:07 17.04.2023

Xəbər verdiyimiz kimi, itkin düşən 2 hərbçimiz Ermənistanda əsir olaraq saxlanılır. Hərbçilərimiz döyülərək tanınmaz hala salınıb. Bu isə ermənilərin daha bir vəhşiliyinin sübutudur.

 

Bəs Azərbaycan dövləti bu prosesdə nə etməlidir? Gənc əsgərimizi Şahbaz Quliyev, Dilqəm Əsgərov, Amil Musayevin taleyi gözləyirmi? Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli İNFORMATOR.AZ-a fikirlərini deyib.

 

Ekspert bildirib ki, hərbçilərimizin vətənə geri qaytarılması prosesi tezləşdiriləcək:

 

"Həmin zamanda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Amil Musayev məsələsi ilə bağlı situasiya fərqli idi. Ancaq Azərbaycan hərbi qulluqçularının əsir düşməsi tamam fərqli vəziyyətdir, yəni xidmət apardıqları ərazidə qeyri-müəyyən hava şəraitində azaraq Ermənistan tərəfinə bilmədən keçiblər və ondan sonra əsir düşüblər. Onların daha tez qaytarılması üçün Azərbaycan dövləti informasiya daxil olan kimi Müdafiə Nazirliyinə məlumat verir. Həmin hərbi qulluqçuların xidmət ərazisində olmaması ilə bağlı məlumat yayıldıqdan sonra onların axtarış prosesi başlayır. Axtarış prosesində məlum olur ki, həmin hərbçilər yoxdur. Bundan sonra məlumat Baş Qərargaha, Müdafiə Nazirliyinə məruzə olunur. Axtarışlar nəticəsində onların Ermənistan tərəfinə əsir düşdüyü məlum olur. Belə olan halda Müdafiə Nazirliyi həmin şəxslərin əsir düşməsi ilə bağlı informasiyanı Prezident Administrasiyasına məruzə edir. Bundan sonra bu proses 1-2 gün ərzində sürətli bildirilir. Daha sonra Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinə müraciət olunur. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti həmin əsirlərlə görüş üçün Ermənistandakı Müdafiə Nazirliyinə müraciət etməklə, onların geri qaytarılması ilə bağlı prosesin əsası qoyulur. Təbii ki, Azərbaycan öz vətəndaşlarının, hərbi qulluqçularının qaytarılması ilə bağlı tədbirlər həyata keçirir, danışıqlar aparmaqla maksimum şəkildə tədbirlər həyata keçirir. İlk olaraq əsir düşən və ya əsir götürülən Azərbaycan vətəndaşı öz ölkəsinə qayıtması ilə bağlı müraciəti təsdiqləməlidir. Proses bundan sonra icra edilməyə başlanır. Sizi əmin edə bilərəm ki, onların qaytarılma prosesi çox tez həll olunacaq".

 

Hərbi ekspert əlavə edib ki, Azərbaycanda əsirlikdə olan hərbçi ilə bağlı cinayət işi açılıb:

 

"Təbii ki, orada əsirlik həyatı yaşayacaq. Hətta Azərbaycanda bununla bağlı cinayət işi açılıb. Cinayət işinin araşdırılması baş verəcək. Bütün qeyd etdiklərimdən sonra lazımi tədbirlər həyata keçiriləcək".

 

Məsələ ilə bağlı politoloq Turan Rzayev də İNFORMATOR.AZ-a açıqlamasında bildirib ki, Ermənistanın etdiyi bu cür hərəkətlər beynəlxalq hüquq normalarına ziddir:

 

"Əslində, son hadisələr bir daha onu göstərdi ki, erməni tərəfi əsir götürdükləri hərbçilərimiz üzərindən süni günahlandırma aparır və onların üzərinə əlavə məsuliyyət cəlb edərək Ermənistan qanunlarına uyğun olaraq həbs etməyi planlaşdırırlar. Təbii ki, paylaşılan son videolar və fotolardan da görürük ki, onlara qarşı qeyri-insani davranış sərgiləməklə yanaşı, açıq-aşkar işgəncəyə məruz qoyublar. Hətta videoların birində ətrafda olan adamlardan biri əlində kəlbətin saxlayırdı. Bu nümunə belə əsgərlərimizə qarşı törədilən şiddəti nümayiş etdirir. Bütün bunlar beynəlxalq hüququn normalarına ziddir. Xüsusilə, bu vəziyyət Cenevrə konvensiyasının kobud şəkildə pozulmasıdır. Hansı ki, həmin konvensiya Ermənistan və Azərbaycan tərəfindən birmənalı şəkildə qəbul edilib. Orada bəzi öhdəliklər qeyd edilib ki, hərbi əsir və yaxud da müharibə zamanı əsir düşən mülki şəxsə qarşı insani rəftar göstərilməli, onların bütün ehtiyacları təmin edilməlidir. Lakin Azərbaycan tərəfi həmişə lazimi tədbirlər həyata keçirib".

 

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan dövləti Ermənistandan fərqli olaraq əsirlərə qarşı daim insani rəftar edir:

 

"44 günlük müharibə zamanı dövlətimiz əsir düşən erməni hərbçilərinə və müharibə sonrası ələ keçirilən diversiya qruplarına belə həmişə konvensiyanın tələblərinə uyğun olaraq insani rəftar göstərib, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşünü təmin edib. Təsadüfi deyil ki, Azərbaycanda saxlanılan hərbi əsirlər Ermənistana təhvil veriləndə Ermənistandakı vəziyyətlərindən daha yaxşı halda qaytarırdıq. Azərbaycan tərəfi indiki məqamda bu məsələni tez həll etməlidir. Bu istiqamətdə Azərbaycan şiddətlə bağlı olan videoları, foto materialları, həmin şəxsin o əraziyə necə keçməsinə dair məlumatları beynəlxalq və humanitar təşkilatlara təqdim etməlidir. Video və fotolarda da görürük ki, o şəxslərin orada qalması faktiki olaraq onların həyatı üçün təhlükə yaradır. Azərbaycan tərəfi bütün bunları nəzərə alaraq məsələni beynəlxalq tribunaya qaldırmalı və Ermənistandan həmin şəxsin qaytarılmasını tələb etməlidir. Hesab edirəm ki, bu istiqamətdə də iş prosesləri hazırda başlanılıb. Ancaq müxtəlif bəhanələrlə ittiham edən insan haqları təşkilatları və bəzi beynəlxalq təşkilatlar var ki, bu təşkilatlar Azərbaycanın və Ermənistanın müharibə zamanı hərbi əsirlərə, yaralanan şəxslərə qarşı göstərdiyi münasibət arasındakı fərqi düzgün qiymətləndirməlidir. Həmin şəxslərin qaytarılması istiqamətində hüquqi prosedur başladılmaqla, beynəlxalq hüquqi norma tələblərinə və Cenevra konvesiyasına uyğun olaraq Ermənistana təzyiqlər edilməlidir".

 

Politoloq əlavə edib ki, bu cür məsələlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına ciddi ziyan verir:

 

"Ermənistan tərəfi bu cür məsələləri uzatmaqda meyllidir. Bu mövcud vəziyyət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına ciddi ziyan verir. Bu hadisələr bir daha sübut etdi ki, Ermənistan tərəfi prosesləri uzatmaqda meyillidir və mövcud vəziyyətlə barışıq deyil. Azərbaycan tərəfi indiki məqamda istər siyasi, istərsə də bu son hadisələr fonunda əsirlərin qaytarılması prosesinin uzadılması istiqamətində adekvat cavab verəcək. Prosesin gedişatı birbaşa ümumi və humanitar sahələrdə atılacaq addımlardan asılıdır. Bütün hallarda prosesin uzanmasında Azərbaycan tərəfi maraqlı deyil və maksimum bu istiqamətdə səylərin göstəriləcəyinə inanıram".

 

Fatima Mustafayeva